Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Külək onu ələ salaraq əl çalacaq, Öz yerindən onun üçün vıyıldayacaq. Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir. O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi? Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı? Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə, Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”» Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam. Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim. Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”». Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi, Yoldan keçən bütün insanlar Qarşında əl çalırlar, Başlarını yelləyib səni fitə basırlar. Yerusəlim qızına belə deyirlər: «Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?» Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb. Bu şəhər zövq-səfalı şəhər idi, Əmin-amanlıq içində yaşayırdı. Hey belə deyərdi: «Mən mənəm, məndən başqası yoxdur!» Necə də bu şəhər xarabalığa döndü, Vəhşi heyvanların yuvası oldu! Yanından keçən hər kəs vahimədən Kənara çəkilir.
Выбор основного перевода