Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey Tema sakinləri, Susamışlara su gətirin! Qaçıb qurtulanlara çörək verin! Ona görə Mən bir də bu xalq üçün Yeni möcüzə, ecazkar şeylər edəcəyəm, Müdriklərinin müdrikliyi məhv olacaq, Aqillərinin ağlı yox olacaq». Rəbb deyir: «Çünki qılıncım göylərdə doyub, Bax Edomun üzərinə, Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir». Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu, Qoç böyrəklərinin yağı ilə piy bağladı. Çünki Rəbb Bosrada qurban, Edomda isə böyük qırğın hazırlayıb. Müdriklər rüsvay oldu, Çaşıb tora düşdü. Onlar Rəbbin sözünü rədd etdi. Bəs onların müdrikliyi nədədir? Buna görə də Rəbbin Edoma qarşı fikrini, Temanda yaşayanlara qarşı məqsədini eşidin: Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə Edom otlaqları Səhraya çevriləcək. Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə pis rəftar etdi, onlardan intiqam alaraq böyük təqsir etdi”. Buna görə də Xudavənd Rəbb belə deyir: “Edom torpağına əlimi uzadıb insanı da, heyvanı da oradan silib-atacaq, ölkəni viran edəcəyəm. Temandan Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq. Mən xalqım İsrail vasitəsilə Edomdan Öz qisasımı alacağam. İsraillilər Edomda qəzəb və hiddətimə görə rəftar edəcək. Beləcə Edomlular Mənim qisasımın nə olduğunu anlayacaq” Xudavənd Rəbb belə bəyan edir. Rəbb belə deyir: “Edomluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular, Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər. Buna görə də Temana od yağdıracağam ki, Bosranın qalalarını yandırıb-yaxsın”. Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir: Biz Rəbdən xəbər eşitdik, Millətlər arasına «Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi. «Bax səni millətlər arasında kiçildəcəyəm, Hamı sənə xor baxacaq. Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin. Sən qartal kimi yuxarı uçub Yuvanı ulduzlar arasında qursan da, Səni oradan endirəcəyəm». Rəbb bəyan edir. «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir! Esavın hər şeyi talan ediləcək, Gizli xəzinələri aşkara çıxarılacaq. Səninlə əhd bağlayanların hamısı Səni ölkəndən qovacaq, Müttəfiqlərin səni aldadıb məğlub edəcək. Səninlə çörək yeyənlər sənə tələ quracaq, “Onun ağlı haradadır?” deyəcək». Rəbb bəyan edir: «O gün Edomun hikmətli adamlarını, Esav dağındakı müdrikləri məhv edəcəyəm. Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək. Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan. Yadellilər onun sərvətini aparanda Sən uzaqda durub tamaşa etdin. Əcnəbilər onun şəhər darvazalarından girib Yerusəlim üçün püşk atanda Sən də onlardan biri kimi davrandın. Sən gərək Yəhudalı soydaşlarının Bədbəxtlik günündən zövq almayaydın, Həlak olduqları gün sevinməyəydin, O əzablı gündə rişxənd etməyəydin, Xalqımın fəlakətli günündə Onların şəhər darvazalarından girməyəydin, Başlarına bəla gələn gün Onların fəlakətini sevinclə seyr etməyəydin, Başlarına bəla gələn gün Onların malına əl uzatmayaydın! Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün Yol ayrıcında dayanmayaydın, O əzablı gün qurtulanları Düşmənə təslim etməyəydin! Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək, Əməllərinin əvəzi öz başına gələcək! Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi Bütün xalqlar durmadan içəcək, İçib yox olacaq, Sanki əvvəldən yox idi. Lakin qurtuluş tapanlar Sion dağına toplanacaq, O dağ müqəddəs olacaq. Yaqub nəsli mülkünə sahib olacaq! Yaqub nəsli od, Yusif nəsli alov, Esav nəsli isə küləş olacaq, Yaqub və Yusif nəsli Esav nəslini yandırıb məhv edəcək. Esav nəslindən qurtulan olmayacaq. Çünki Rəbb belə söylədi. Negev sakinləri Esav dağını, Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini, Yəhudalılar Efrayimlə Samariya torpaqlarını, Binyaminlilər isə Gileadı zəbt edəcək. Xalahda olan İsrail sürgünləri Kənanın Sarfata qədər uzanan torpaqlarını, Sefaradda olan Yerusəlim sürgünləri Negev şəhərlərini zəbt edəcək. Xalqı qurtaranlar Sion dağına çıxıb Esav dağına hökm edəcək: Rəbb səltənət sürəcək».
Выбор основного перевода