Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«İsrail övladlarının arasından Levililəri götür və onları pak et. Onları pak etmək üçün belə et: paklama suyunu üzərlərinə çilə, sonra bədənlərindəki bütün tükləri qırxıb geyimlərini yusunlar. Beləliklə, pak olarlar. O zaman bir buğa və onun taxıl təqdimi olan zeytun yağı ilə yoğrulmuş narın un götürsünlər. Günah qurbanı olaraq yenə bir buğa götür. Levililəri Hüzur çadırının önünə gətir. İsrail övladlarının bütün icmasını da topla. Levililəri Rəbbin önünə gətirdikdə qoy İsrail övladları əllərini onların üzərinə qoysunlar. Harun yellətmə təqdimi olaraq İsrail övladlarının arasından Levililəri Rəbbin önünə gətirəcək ki, Rəbbə xidmət etsinlər. Levililər əllərini buğaların başlarına qoysunlar; birini günah qurbanı və o birini yandırma qurbanı olaraq Rəbbə gətir ki, Levililər üçün kəffarə olunsun. Levililəri Harunla oğullarının önündə dayandır. Sonra da onları Rəbbə gətirib yellətmə təqdimi olaraq həsr edəcəksən. Levililəri İsrail övladları arasından beləcə ayır ki, Levililər Mənim olsun. Levililəri pak edib yellətmə təqdimi olaraq həsr et; bundan sonra onlar Hüzur çadırında xidmət etmək üçün içəri girə bilər. Çünki İsrail övladları arasından onlar tamamilə Mənə verilmişdir; İsrailli qadınların doğduğu bütün ilk oğlanların əvəzinə onları Özümə götürdüm. İsrail övladları arasında ilk doğulan bütün oğlanlar və bütün heyvan balaları Mənimdir; Misir diyarında bütün ilk oğlanları məhv etdiyim gün onları Özümə təqdis etdim. Ona görə də İsrail övladları arasında bütün ilk oğlanların yerinə Levililəri götürdüm. İsrail övladları arasından Levililəri Haruna və oğullarına hədiyyə olaraq verdim ki, Hüzur çadırında İsrail övladları üçün xidməti yerinə yetirib kəffarə etsinlər və beləcə Müqəddəs yerə yaxınlaşan İsrailliləri bəlaya düçar olmaqdan qorusunlar». Musa ilə Harun və bütün İsrail övladlarının icması Levililər üçün deyilənləri etdilər. İsrail övladları Rəbbin Levililər haqqında Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Levililər özlərini pak edib geyimlərini yudular. Harun onları Rəbbin önünə gətirib yellədilən təqdim olaraq həsr etdi və onlar üçün kəffarə etdi ki, pak olsunlar. Ondan sonra Levililər Harunla oğullarının nəzarəti altında Hüzur çadırında xidmətlərini icra etmək üçün Rəbbin Musaya əmr etdiyini yerinə yetirdilər. Rəbb Haruna dedi: «Sən, övladların və atanın nəsli Müqəddəs məkanla əlaqədar hər hansı bir günah üçün məsuliyyət daşıyacaqsınız. Kahinliklə əlaqədar günahlar üçün məsuliyyəti yalnız sən və oğulların daşıyacaqsınız. Atanın qəbiləsi olan Levi qəbiləsinə mənsub olan soydaşlarınızı da özünlə götür ki, sən və övladların Şəhadət çadırının önündə ikən sənə qoşulub kömək etsinlər. Sənin qarşında cavabdehlik daşıyaraq çadırın bütün işlərinə baxsınlar. Ancaq müqəddəs yerin əşyalarına və qurbangaha yaxınlaşmasınlar ki, həm onlar, həm də siz ölməyəsiniz. Sənə qoşulsunlar və Hüzur çadırının işlərinə, çadırdakı bütün xidmətlərə cavabdeh olsunlar. Başqa heç kimsə sizə yaxınlaşmamalıdır. Müqəddəs yerə və qurbangaha cavabdeh olun ki, İsrail övladları bir də qəzəbimə düçar olmasınlar. Budur, Mən İsrail övladları arasından Levili soydaşlarınızı sizə hədiyyə olaraq seçdim. Onlar Rəbbə Hüzur çadırında xidmət etmək üçün həsr olunmuşlar. Lakin qurbangaha və pərdənin iç tərəfinə aid olan hər şeyə yalnız sən və oğulların kahin kimi xidmət edin. Kahinlik xidmətinizi sizə hədiyyə olaraq verirəm. Sizdən başqa müqəddəs yerə kim yaxınlaşarsa, öldürülsün».
Выбор основного перевода