Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi. Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu. İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu. O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi. Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi. Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı. Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu. Remalya oğlu Peqahın padşahlığının on yeddinci ilində Yotam oğlu Axaz Yəhuda üzərində padşah oldu. Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Allahı Rəbbin gözündə doğru olan işlər etmədi. Axaz İsrail padşahlarının yolu ilə getdi və Rəbbin İsrail övladlarının önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğlunu oda qurban verdi. O, səcdəgahlarda, təpələr üstündə və hər kölgəli ağac altında qurban gətirir və buxur yandırırdı. Onda Aram padşahı Resin və İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimin üzərinə hücum etdilər və Axazı mühasirəyə aldılar, ancaq onu məğlub edə bilmədilər. O vaxt Aram padşahı Resin Elatı Arama qaytardı və Yəhudalıları Elatdan qovub çıxartdı. Aramlılar Elata girdilər və bu günə qədər orada yaşayırlar. Axaz Aşşur padşahı Tiqlat-Pileserin yanına qasidlər göndərib dedi: «Mən sənin qulun və nökərinəm. Gəl, məni üstümə hücum edən Aram və İsrail padşahlarının əlindən qurtar». Axaz Rəbbin məbədində və sarayın xəzinələrində tapılan qızıl-gümüşü götürüb Aşşur padşahına hədiyyə göndərdi. Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü. Padşah Axaz Aşşur padşahı Tiqlat-Pileseri qarşılamaq üçün Dəməşqə getdi. O, Dəməşqdə olan qurbangahı gördü, qurbangahın bütün quruluşunu və təsvirini kahin Uriyaya göndərdi. Kahin Uriya padşah Axazın Dəməşqdən göndərdiyi bütün şeylərə görə bir qurbangah düzəltdi. O, padşah Dəməşqdən qayıdana qədər bunu etdi. Padşah Dəməşqdən qayıdıb qurbangahı gördü. O yaxınlaşıb qurbangahın üstünə qalxdı. Qurbangahın üstündə öz yandırma qurbanını və taxıl təqdimini yandırdı, tökmə təqdimini tökdü və ünsiyyət qurbanlarının qanını oraya səpdi. Rəbbin önündə olan tunc qurbangahı məbədin qabaq tərəfindən, öz qurbangahı ilə Rəbbin məbədi arasından gətirdi və onu öz qurbangahının şimal tərəfinə qoydu. Padşah Axaz kahin Uriyaya əmr edib dedi: «Hər gün səhərin yandırma qurbanını, axşamın taxıl təqdimini, padşahın yandırma qurbanını və taxıl təqdimini, bütün ölkə xalqının yandırma qurbanını, taxıl təqdimini və tökmə təqdimini böyük qurbangahın üstündə yandır. Yandırma qurbanlarının və başqa qurbanların bütün qanını onun üstünə səp. Ancaq tunc qurbangah soraq etmək üçün mənim olacaq». Kahin Uriya da padşah Axazın əmr etdiyi hər şeyi yerinə yetirdi. Padşah Axaz dayaqların yan lövhələrini kəsib dayaqların üstündən ləyənləri götürdü. Hovuzu altında olan tunc buğaların üstündən qaldırıb bir daş səkinin üstünə qoydu. Şənbə günü üçün məbəddə düzəldilmiş bağlı yeri və padşahın bayırdakı giriş yerini Aşşur padşahından ötrü Rəbbin məbədindən götürdü. Axazın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Axaz ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Xizqiya padşah oldu. İsrail padşahı Ela oğlu Huşənin padşahlığının üçüncü ilində Axaz oğlu Xizqiya Yəhuda üzərində padşah oldu. O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Avi idi. Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. O, səcdəgahları aradan qaldırdı, sütunları parça-parça etdi və Aşera bütünü kəsdi. Musanın düzəltdiyi tunc ilanı əzib parçaladı, çünki İsraillilər onun adını Nexuştan qoyub o vaxta qədər ona buxur yandırırdılar. Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı. O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi. Rəbb də onunla idi və hara gedirdisə, uğur qazanırdı. Xizqiya Aşşur padşahına qulluq etməkdən boyun qaçırdı. Qəzzədə və onun sərhədləri boyu, keşikçi qülləsindən qalalı şəhərə qədər hər yerdə yaşayan Filiştliləri qırdı. Xizqiyanın padşahlığının dördüncü ilində, yəni İsrail padşahı Ela oğlu Huşənin padşahlığının yeddinci ilində Aşşur padşahı Şalmaneser Samariya üzərinə hücum edib oranı mühasirəyə aldı. Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı. Aşşur padşahı İsrailliləri Aşşur torpağına sürgün etdi və onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi. Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər. Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi. Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi. O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi. Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar. Onlar padşahı çağırdılar. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onların qabağına çıxdı. Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? Sən yalnız boş sözlər deyirsən, müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü. «Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək”. Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür.
1 2 3 4 5 6 7
Выбор основного перевода