Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb deyir: «Çünki qılıncım göylərdə doyub, Bax Edomun üzərinə, Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir». Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu, Qoç böyrəklərinin yağı ilə piy bağladı. Çünki Rəbb Bosrada qurban, Edomda isə böyük qırğın hazırlayıb. Onlarla birlikdə çöl öküzləri, Buzovlar, güclü buğalar yerə səriləcək. Onların ölkəsi qanla dolacaq, torpaqları piylə münbit olacaq. Çünki Rəbbin qisas günü var, Siona edilən zülmlərin intiqam ili var. Edomun axar suları qatrana, Torpağı kükürdə dönəcək, Ölkənin hər tərəfi yanan qatrana çevriləcək; Gecə-gündüz sönməyəcək, tüstüsü həmişə qalxacaq, Nəsildən-nəslədək viran qalacaq, Əsrlər boyu oradan heç kəs keçməyəcək. Orada ancaq bayquşlarla kirpilər yurd salacaq, Böyük bayquşlarla qarğalar orada yaşayacaq. Rəbb oranı qarmaqarışıqlıq ipi, viranəlik şaqulu ilə ölçəcək. Orada heç bir adlı-sanlı adam qalmayacaq ki, Onu padşah elan etsinlər. Bütün başçıların sonu gələcək. Saraylarında tikanlar, Qalalarında gicitkən və böyürtkən bitəcək. Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq. Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək, Təkələr bir-birini səsləyəcək, Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq. Orada bayquş yuva quracaq, yumurtlayacaq, Öz kölgəsi altında balalar çıxaracaq. Çalağanlar da orada cüt-cüt yığışacaq. Edom barədə Ordular Rəbbi belə deyir: «Teman şəhərində müdriklik qalmadımı? Ağıllı adamların nəsihəti tükəndimi? Onların müdrikliyi söndümü? Qaçın, arxaya dönün, Dərin mağaralarda gizlənin, Ey Dedanda yaşayanlar! Çünki Esavı cəzalandırdığım vaxt Başına fəlakət gətirəcəyəm. Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Gecə oğrular gəlsəydi, Yalnız istədiklərini oğurlamazdılarmı? Amma mən Esavı çıl-çılpaq soyunduracağam. Onun gizli yerlərini aşkar edəcəyəm. Özü də gizlənə bilməyəcək, Övladları, qohum-qonşuları həlak olacaq, Özü də məhv olacaq. Öz yetimlərini burax, Onları Mən yaşadaram. Dul qadınların da Mənə güvənsin». Rəbb belə deyir: «Layiq olmayanlar da cəza kasası içmək məcburiyyətində ikən sənmi cəzasız qalacaqsan? Yox, cəzasız qalmayacaqsan, mütləq bu kasadan içəcəksən». Rəbb bəyan edir: «Adım naminə and içirəm ki, Bosra xarabalığa çevriləcək, dəhşət, rüsvayçılıq, viranəlik və lənətə düçar olacaq. Bütün şəhərləri əbədi olaraq viran qalacaq. Rəbdən bir xəbər eşitdim: Millətlər arasına göndərdiyi qasid “Edoma hücum etmək üçün yığılıb Döyüşə hazırlaşın!” deyir. Bax səni millətlər arasında kiçildəcəyəm, İnsanlar sənə xor baxacaq. Ey sən qaya çatları arasında məskən salan, Təpələrin başını əldə saxlayan! Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı. Yuvanı qartal kimi yuxarılarda qursan da, Səni oradan endirəcəyəm» Rəbb belə bəyan edir. «Edom dəhşət hədəfi olacaq, Oradan keçən hər kəs Bütün yaralarından ötrü Heyrət içində ona fit çalacaq». Rəbb deyir: «Sodomla Homorranı və ətrafındakı kəndləri Necə dağıtdımsa, Orada da kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq. Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Edomluları bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edən, Mənim qabağımda duran bir çoban varmı?» Buna görə də Rəbbin Edoma qarşı fikrini, Temanda yaşayanlara qarşı məqsədini eşidin: Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə Edom otlaqları Səhraya çevriləcək. Dağılmalarının gurultusundan Yer üzü titrəyəcək. Qışqırıqlarının səsi Qırmızı dənizədək eşidiləcək. Düşmən qartal kimi qalxıb üstünə cumacaq, Bosra üzərində qanadlarını gərəcək. O gün Edom döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq. Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə pis rəftar etdi, onlardan intiqam alaraq böyük təqsir etdi”. Buna görə də Xudavənd Rəbb belə deyir: “Edom torpağına əlimi uzadıb insanı da, heyvanı da oradan silib-atacaq, ölkəni viran edəcəyəm. Temandan Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq. Mən xalqım İsrail vasitəsilə Edomdan Öz qisasımı alacağam. İsraillilər Edomda qəzəb və hiddətimə görə rəftar edəcək. Beləcə Edomlular Mənim qisasımın nə olduğunu anlayacaq” Xudavənd Rəbb belə bəyan edir.
Выбор основного перевода