Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər. Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü. Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi. Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı. Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı. Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu. Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü. O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi. Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi. Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü. Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi. O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu. Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, Harorlu Şammot, Pelonlu Xeles, Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer, Xuşalı Sibbekay, Axoahlı İlay, Netofalı Mahray, Netofalı Baana oğlu Xeled, Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya, Qaaş vadisindən olan Xuray, Aravalı Aviel, Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba, Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan, Hararlı Sakar oğlu Axiam, Ur oğlu Elifal, Mekeralı Xefer, Pelonlu Axiya, Karmelli Xesro, Ezbay oğlu Naaray, Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar, Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, Yeterli İra, Yeterli Qarev, Xetli Uriya, Axlay oğlu Zavad, Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər, Maaka oğlu Xanan və Metenli Yehoşafat, Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel, Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa, Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma, Eliel, Oved və Mesovalı Yaasiel. Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı. İlin hər ayında bir bölmə növbə çəkirdi. Hər bölmədə iyirmi dörd min nəfər var idi. Bu bölmələrin bütün işlərində padşaha xidmət edən İsraillilərin nəsil başçılarının, minbaşıların, yüzbaşıların və məmurların siyahısı budur: birinci ay üçün birinci bölməyə Zavdiel oğlu Yaşoveam başçılıq edirdi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. O, Peres nəslindən idi və birinci ay üçün bütün ordu başçılarının böyüyü idi. İkinci ayın bölməsinə Axoahlı Doday başçılıq edirdi. Miqlot onun köməkçisi idi və onun bölməsində iyirmi dörd min nəfər var idi. Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. «Otuz igid»dən biri və «otuz igid»in başçısı olan Benaya budur. Oğlu Ammizavad onun köməkçisi idi. Dördüncü ay üçün dördüncü başçı Yoavın qardaşı Asahel idi, ondan sonra oğlu Zevadya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. Beşinci ay üçün beşinci başçı İzrahlı Şamhut idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. Altıncı ay üçün altıncı başçı Teqoalı İqqeşin oğlu İra idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. Yeddinci ay üçün yeddinci başçı Efrayimlilərdən Pelonlu Xeles idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. Səkkizinci ay üçün səkkizinci başçı Zerah nəslindən Xuşalı Sibbekay idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. Doqquzuncu ay üçün doqquzuncu başçı Binyaminlilərdən Anatotlu Aviezer idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. Onuncu ay üçün onuncu başçı Zerah nəslindən Netofalı Mahray idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. On birinci ay üçün on birinci başçı Efrayimlilərdən Piratonlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. On ikinci ay üçün on ikinci başçı Otnielin nəslindən Netofalı Xelday idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya; Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq; Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri; Zevulunluların başçısı Avdiya oğlu İşmaya; Naftalililərin başçısı Azriel oğlu Yerimot; Efrayimlilərin başçısı Azazya oğlu Huşə; Menaşşelilərin yarısının başçısı Pedaya oğlu Yoel; Gileadda olan Menaşşelilərin yarısının başçısı Zəkəriyyə oğlu İddo; Binyaminlilərin başçısı Avner oğlu Yaasiel; Danlıların başçısı Yeroxam oğlu Azarel. Bunlar İsrail qəbilələrinin başçılarıdır. Davud iyirmi yaşında və bundan aşağı yaşda olanları hesaba almadı, çünki Rəbb İsraili göydəki ulduzlar qədər çoxaldacağını vəd etmişdi. Seruya oğlu Yoav siyahıya almağa başladı, ancaq bunu başa çatdırmadı. Bu siyahıyaalmadan ötrü Rəbbin qəzəbi İsrail üzərinə gəldi və siyahıyaalma padşah Davudun salnamələr kitabına daxil olmadı. Padşahın anbarlarına nəzarət edən Adiel oğlu Azmavet; tarlalarda, şəhərlərdə, kəndlərdə və qalalarda olan anbarlara nəzarət edən Uzziya oğlu Yonatan; tarlada çalışan əkinçilərin üzərində nəzarətçi Keluv oğlu Ezri; üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi; yamaclı-düzənlikli bölgədə olan zeytunluqlar və firon ənciri ağaclarına nəzarət edən Gederli Baal-Xanan; yağ anbarlarına nəzarət edən Yoaş; Şaron düzənliyində otlayan mal-qaraya baxan Şaronlu Şitray; dərələrdə olan mal-qaraya baxan Adlay oğlu Şafat; dəvələrə baxan İsmailli Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya; qoyun-keçiyə baxan Həcərli Yaziz. Bunların hamısı padşah Davudun mülklərinə baxan rəislər idi.
Выбор основного перевода