Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yəhuda padşahı Asanın padşahlığının iyirmi altıncı ilində Baaşa oğlu Ela İsrail üzərində padşah oldu və Tirsada iki il padşahlıq etdi. Döyüş arabalarının yarısına başçılıq edən əyanı Zimri ona qəsd hazırladı. Ela Tirsada, öz saray rəisi olan Arsanın evində içib sərxoş olarkən Zimri içəri girdi, onu vurub öldürdü və onun yerinə padşah oldu. Bu hadisə Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində oldu. O, padşah olub taxtda oturan kimi Baaşanın bütün nəslini qırdı, istər onun qohumlarından, istərsə də dostlarından divar isladan heç kəsi – bir kişini də sağ buraxmadı. Peyğəmbər Yehu vasitəsilə Baaşaya qarşı Rəbbin söylədiyi sözə görə Zimri Baaşanın bütün nəslini məhv etdi. Çünki Baaşa və oğlu Ela öz bütləri ilə etdikləri və İsrailə etdirdikləri bütün günahlara görə İsrailin Allahı Rəbbi qəzəbləndirmişdilər. Elanın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində Zimri Tirsada yeddi gün padşahlıq etdi. O vaxt xalq Filiştlilərə məxsus olan Gibbetona qarşı qurulmuş ordugahda qalırdı. Zimrinin padşaha qəsd hazırladığını və onu öldürdüyünü ordugahda olan xalq eşitdi. O gün bütün İsraillilər ordu başçısı Omrini ordugahda İsrail üzərində padşah etdilər. Omri bütün İsraillilərlə birgə Gibbetondan gəlib Tirsanı mühasirəyə aldı. Zimri şəhərin alınacağını görəndə padşah sarayının qalasına girdi və padşah sarayını odladı, özü də həlak oldu. Ona görə ki günah edərək Rəbbin gözündə pis olan işlər etmişdi: Yarovamın yolu və günahı ilə gedib İsrailə günah etdirmişdi. Zimrinin qalan işləri və onun hazırladığı qəsd barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. O vaxt İsrail xalqı iki hissəyə bölündü: xalqın yarısı Ginat oğlu Tivnini padşah etmək üçün onun dalınca, yarısı isə Omrinin dalınca getdi. Omrinin dalınca gedən xalq Ginat oğlu Tivninin dalınca gedən xalqa üstün gəldi. Beləliklə, Tivni öldü və Omri padşah oldu. Yəhuda padşahı Asanın padşahlığının otuz birinci ilində Omri İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi. Tirsada altı il padşahlıq etdi. Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar. Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.
Выбор основного перевода