Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim». O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim». Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al». Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik». İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”». Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı. Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi. Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?» İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı. O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?» Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın». Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi. İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır». Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır». Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi. Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır. Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın». Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı. O, nökəri Gehaziyə dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı və qadın onun qarşısında dayandı. Elişa nökərinə dedi: «İndi qadına söylə: “Bizim üçün bu qədər zəhmət çəkmisən. Mən sənin üçün nə edə bilərəm? Sənin barəndə padşahla ya ordu başçısı ilə danışım?”» Gehazi bunu söylədi. Qadın dedi: «Yox, lazım deyil, mən öz xalqımla birgə yaşayıram». Elişa dedi: «Elə isə onun üçün nə edə bilərəm?» Gehazi dedi: «Doğrusu, oğlu yoxdur, əri də qocadır». Elişa dedi: «Qadını çağır». Gehazi qadını çağırdı və o gəlib qapıda durdu. Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!» Elişanın söylədiyi kimi qadın hamilə oldu və bir il sonra həmin fəsildə bir oğlan doğdu. Uşaq böyüdü. O, bir gün biçinçilərlə birgə işləyən atasının yanına getdi. O, atasına «Başım ağrıyır, başım!» dedi. Atası nökərə dedi: «Onu anasının yanına apar». Nökər onu götürüb anasının yanına gətirdi. O, günortaya qədər anasının dizləri üstündə qaldı və sonra öldü. Qadın yuxarı çıxıb uşağı Allah adamının yatağı üstünə uzandırdı, sonra qapını dalınca örtüb çıxdı. O, ərini çağırıb dedi: «Nökərlərindən biri ilə mənə bir eşşək göndər. Tez Allah adamının yanına gedib-qayıdacağam». Əri dedi: «Nə üçün bu gün onun yanına gedirsən? Nə Təzə Ay mərasimi, nə də Şənbə günüdür». Qadın dedi: «Eybi yox». O, eşşəyi palanlayıb nökərinə dedi: «Sür və mən sənə deməyincə dayanma». O getdi və Karmel dağına, Allah adamının yanına gəldi. Allah adamı qadını uzaqdan gördükdə nökəri Gehaziyə dedi: «Şunemli qadın buraya gəlir. İndi onun qabağına qaçıb soruş: “Necəsən, yaxşısanmı, ərin və oğlun yaxşıdırmı?”» O gedib soruşdu. Qadın dedi: «Yaxşıyıq». Qadın dağa çıxıb Allah adamının yanına gəldi və onun ayaqlarına sarıldı. Gehazi onu geri itələmək üçün yaxınlaşdı, ancaq Allah adamı dedi: «Onu burax, çünki ürəyi kədərlidir, ancaq Rəbb bunun səbəbini gizlətdi və mənə bildirmədi». Qadın dedi: «Mən ağamdan uşaq istədimmi? “Məni aldatma” demədimmi?» Elişa Gehaziyə dedi: «Belini qurşa və əsamı əlinə götürüb get. Əgər bir adamla rastlaşsan, ona salam vermə və sənə salam verənin salamını alma. Get, əsamı oğlanın üzünün üstünə qoy». Oğlanın anası dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Elişa qalxıb onun dalınca getdi. Gehazi onlardan qabaq getdi və əsanı oğlanın üzünün üstünə qoydu, ancaq nə bir səs, nə də bir cavab oldu. Gehazi Elişanı qarşılamaq üçün geri döndü və «oğlan dirilmədi» deyə ona bildirdi. Elişa evə girdi. Ölən oğlan onun yatağı üstündə uzanmışdı. O içəri girib qapını onların üzünə bağladı və Rəbbə dua etdi. Sonra yatağa qalxıb uşağın üstünə əyildi. Ağzını onun ağzının, gözlərini onun gözlərinin, ovuclarını onun ovuclarının üstünə qoydu. Uşağın bədəni isindi. Elişa yataqdan düşüb otaqda o tərəf-bu tərəfə gəzdi. Sonra yenə yatağa qalxıb onun üstünə əyildi. Oğlan yeddi dəfə asqırıb gözlərini açdı. Elişa Gehazini çağırıb dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı. Qadın Elişanın yanına gələndə o dedi: «Al oğlunu». Qadın gəlib Elişanın ayaqlarına düşərək yerə qədər əyildi və oğlunu götürüb getdi.
Выбор основного перевода