Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim». O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz». Rəbb dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm». İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam». İbrahim yenə Onu dilə tutub dedi: «Əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu etmərəm». İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «Əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm». İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm». İbrahim dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa, necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm». Rəbb İbrahimlə söhbətini bitirib getdi. İbrahim də öz yerinə qayıtdı. Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi: «Ağalarım, qulunuzun evinə girib gecələyin və ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar dedilər: «Yox, biz gecəni şəhər meydanında keçirəcəyik». Lut onları çox dilə tutdu, axırda onlar Lutla birgə onun evinə getdilər. Lut onları qonaq edib mayasız çörəklər bişirdi və onlar yedilər. Ancaq onlar yatmazdan əvvəl cavandan tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar. Adamlar Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza gətir ki, onlarla yaxınlıq edək». Lut bayıra – onların yanına çıxıb arxasınca qapını örtdü. O dedi: «Qardaşlarım, pislik etməyin. Mənim ərə getməmiş iki qızım var. Qızlarımı sizin yanınıza gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara toxunmayın, çünki onlar mənim evimin qonaqlarıdır». Kişilər qışqırıb dedilər: «Geri çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar. Onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə – öz yanlarına saldılar və qapını bağladılar. Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdilər. Bu səbəbdən adamlar qapını tapa bilmədilər. Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart, çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək». Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir. Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan». Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar. Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan». Lut onlara dedi: «Aman, ağam! İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram. Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir». Mələklərdən biri Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram. Tez ol, oraya qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soar adlandı. Günəş doğanda Lut Soara gəldi. Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı, bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi. Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa çevrildi. İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi. Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən ocaq tüstüsü kimi bir tüstü qalxdığını gördü. Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq». Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha asan olacaq. Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq». O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara nümunə göstərdi. Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu.
Выбор основного перевода