Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün. Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin. Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar. Ələ götürdüyünüz hər işdə uğur qazanmaq üçün bu əhdin hər sözünə diqqətlə əməl edin. Qulum Musanın sənə tapşırdığı Qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol. Ondan nə sağa, nə də sola dön ki, hara getsən, uğur qazanasan. Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun». Davud İsrail torpağında olan qəriblərin yığılmasını əmr etdi və Allah evinin tikilişinə yonma daşlar düzəltmək üçün onların arasından daşyonanlar təyin etdi. Davud qapı taylarının mıxları və rəzələri üçün çoxlu dəmir hazırladı. Həmçinin çoxluğuna görə çəkiyə gəlməz tunc hazırladı və saysız-hesabsız sidr ağacları da yığdı. Çünki Sidonlular və Surlular Davuda çoxlu sidr ağacları gətirmişdi. Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü. Davud oğlu Süleymanı çağırdı və İsrailin Allahı Rəbb üçün məbəd tikməyi ona vəsiyyət etdi. Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı. Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən. Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm. O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”. İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən. Ancaq Rəbb səni İsrailə hökm etmək üçün qoyanda sənə müdriklik və həssaslıq versin ki, Allahın Rəbbin verdiyi Qanuna əməl edəsən. Əgər İsrail barədə Rəbbin Musaya əmr etdiyi qaydalara və hökmlərə əməl etsən, uğur qazanacaqsan. Möhkəm və cəsarətli ol, qorxma və ruhdan düşmə. Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq.
Выбор основного перевода