Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər. Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər. Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar. Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər. Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!» Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!» Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!» Sıxıntı içində Rəbbi çağırdım, Cavab verib məni genişliyə çıxartdı. Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər? Rəbb mənimlədir, mənə yardım edər, Mənə nifrət edənlərin aqibətini görəcəyəm. Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır. Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır. Bütün millətlər məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım. Hər tərəfdən məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım. Arılar tək məni mühasirəyə aldılar, Lakin kol-kos kimi alışıb tez söndülər, Rəbbin ismi ilə onları qırdım. Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı, Lakin Rəbb imdadıma çatdı. Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi! Salehlərin çadırlarından zəfər nidası yüksəlir: «Rəbbin sağ əli qüdrətli işlər göstərir! Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!» Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm. Rəbb mənə möhkəm cəza verdi, Amma məni ölümə təslim etmədi. Salehlik darvazalarını üzümə açın, Qoy oradan keçib Rəbbə şükür edim. Bu, Rəbbin darvazasıdır, Oradan saleh insanlar keçəcək. Ya Rəbb, Sənə şükür edirəm, Çünki cavab verərək məni xilas etmisən! Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir. Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək! Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər! Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk. Rəbb Allahdır, O, üzərimizə nur saçdı, Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın. Allahım Sənsən, Sənə şükür edəcəyəm! Allahımsan, Səni yüksəldəcəyəm! Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi? İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu! Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız? Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz? Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi? Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman etməyinizlə icra edir? Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur. Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi. Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar. Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!» Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq. Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz. Vədlər yalnız İbrahimə və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir. Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi Əhdi bundan dörd yüz otuz il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin. Çünki əgər irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə verdi. Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi. Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir. Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi. Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin. Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək iman zühur edənə qədər əsir tutulmuşduq. Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq. Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik. Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız. Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz. Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz.
Выбор основного перевода