Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Hamilə olub oğlan uşağı doğan bir qadın aybaşı, murdarlıq dövründə olduğu kimi yeddi gün murdar sayılsın. Səkkizinci gün uşaq sünnət olunsun. Qadın qanaxmadan paklanmaq üçün daha otuz üç gün gözləsin. Bu paklanma dövrü bitənə qədər qadın heç bir müqəddəs şeyə toxunmamalı və Müqəddəs məkana yaxınlaşmamalıdır. Əgər bir qadın qız uşağı doğarsa, aybaşı vaxtı kimi iki həftə murdar sayılsın və paklanmaq üçün əlavə olaraq altmış altı gün gözləsin. Oğlan yaxud qız uşağı doğub paklanma müddəti bitəndə qadın Hüzur çadırının girişinə birillik toğlunu yandırma qurbanı kimi və göyərçin yaxud qumru quşunu kahinin yanına günah qurbanı kimi gətirsin. Kahin bunları Rəbbin hüzurunda qurban gətirib, zahı qadın üçün kəffarə etsin ki, o qan axmasından pak olsun. Qız ya oğlan doğan zahı qadın üçün təlimat budur. Əgər qadının toğlu gətirməyə gücü çatmırsa, onda birini yandırma qurbanı, o birini isə günah qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin gətirsin. Bununla kahin həmin zahı üçün kəffarə etsin ki, o pak olsun”». Rəbb Musaya və Haruna dedi: «Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzam kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin. Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu, cüzamın bir əlamətidir. Kahin baxıb o adamı murdar elan etsin. Əgər dərisindəki ləkə ağ olub dəridən dərin görünməsə və üstündəki tükləri ağartmasa, kahin azarlını yeddi gün müddətinə təcrid etsin. Yeddinci gün kahin ona baxsın. Onun nəzərində əlamət yerində qalıb dərisinə yayılmayıbsa, kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin. Yeddinci gün kahin yenə də ona baxsın. Əlamət dərisinə yayılmayıb, solubsa, kahin o adamı pak elan etsin. Bu azar dəri səpməsidir. Qoy o adam geyimlərini yusun, sonra pak sayılsın. Lakin kahin ona baxıb pak saydıqdan sonra səpmə dərisinə yayılırsa, o yenə də özünü kahinə göstərsin. Kahin yenə də ona baxsın, dərisindəki səpmə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamdır. Bir adamın dərisində cüzam əlaməti əmələ gələrsə, qoy o adam kahinin yanına gətirilsin. Kahin ona baxsın, dəridəki tükləri ağardan xoralı ağ bir şiş varsa, bu, bədəninin dərisində kök salmış cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır. Əgər cüzam dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağadək tutması kahinə görünsə, qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın. Lakin o adamda xoralanma görünsə o, murdar sayılsın. Kahin o adama baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o, cüzamdır. Xoralanma sağalıb ağardığı halda o adam kahinin yanına getsin və kahin ona baxsın; əlamət ağarıbsa, o adamı pak elan etsin, çünki o, pakdır. Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra və yerində ağ şiş yaxud qırmızımtıl-ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin. Kahin ləkəyə baxsın, üstündəki tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu, çibanla başlanan cüzamdır. Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, solğundur, onda kahin azarlını yeddi gün müddətinə təcrid etsin. Əgər dəridəki ləkə yayılırsa, kahin adamı murdar elan etsin. Çünki bu, əlamətdir. Amma ləkə yerində qalıb yayılmayıbsa, bu, çibandan qalan çapıqdır. Kahin o adamı pak elan etsin. Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl-ağ yaxud ağ parlaq ləkə əmələ gələrsə, kahin ləkəyə baxsın, ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir. Əgər kahin baxıb görsə ki, ləkənin üstündə ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin azarlını yeddi gün müddətinə təcrid etsin. Yeddinci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin; bu, cüzamın əlamətidir. Amma ləkə yerində qalıb dərisində yayılmayıbsa və solubsa, bu, yanıqdan qalan şişdir; kahin o adamı pak elan etsin, çünki bu, yanıqdan qalan izdir. Bir kişinin ya qadının başında ya çənəsində əlamət olanda kahin ona baxsın. Əlamət dəridən dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da çənədə iyrənc xəstəlik – qoturdur. Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib üstündə qara tüklər olmayan halda kahin qotur adamı yeddi gün müddətinə təcrid etsin. Kahin yeddinci gün yenə də əlamətə baxsın, qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq da dəridən dərin görünmürsə, qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Sonra kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin. Yeddinci gün kahin yenə də əlamətə baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməsə, kahin o adamı pak elan etsin. Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın. Lakin əgər kahin xəstəni pak saydıqdan sonra qoturluq dəriyə yayılırsa, kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın. Lakin kahinin nəzərində qoturluq yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın, kahin onu pak elan etsin. Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa, qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın. Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın. Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın. Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır. Kahin oraya baxsın, saçı tökülmüş yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə, o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin. Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın. Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın. Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim yaxud hər cür toxunma parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur. Ya geyimdə, dəridə ya da hər cür parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu, iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin. Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə təcrid etsin. Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın. Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu, iyrənc təhlükəli kifdir, yandırılsın. Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb, kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə təcrid etsin. Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu yandırmalısınız. Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu geyimdən, dəridən yaxud parçadan qopartsın. Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın. Yuyulduqdan sonra əlamət üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın. Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır». Rəbb Musaya və Haruna dedi: «İsrail övladlarına belə deyin: “Bir nəfərin xəstəliyə görə bədən axıntısı olarsa, o murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də qatılaşsın, o şəxs murdar sayılır. Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın. Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun; sonra axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxsin bədəninə toxunan hər kəs də geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini yusun, su ilə yuyunsun. O, axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxsin mindiyi hər yəhər murdar sayılsın. Onun altında olmuş hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın; belə şey daşıyan hər kəs də geyimini yusun. Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Xəstəliyə görə bədən axıntısı olan şəxsin toxunduğu hər saxsı qab sındırılsın, taxta qab isə su ilə yuyulsun. Bu adam öz axıntısı kəsildiyi halda paklanmaq üçün yeddi gün gözləsin, geyimini yusun, bədənini axar su ilə yusun, sonra pak sayılsın. Səkkizinci gün iki qumru quşu ya iki göyərçin götürüb Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gəlsin və bunları kahinə versin. Kahin quşların birini günah qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə Rəbbin önündə kəffarə etsin. Toxumu tökülən hər kişi bütün bədənini su ilə yusun, sonra axşama qədər murdar sayılsın. Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun, sonra axşama qədər murdar sayılsın. Kişi qadınla yaxınlıq edəndə toxumu tökülsə, hər ikisi su ilə yuyunsun. Sonra onlar axşama qədər murdar sayılsın. Aybaşı vaxtı qanaxması olan hər qadın yeddi gün murdar sayılsın, ona toxunan hər kəs isə axşama qədər murdar sayılsın. Aybaşı müddəti qadın nəyin üzərində uzanıb və yaxud otursa, hər şey murdar sayılsın. O qadının yatağına toxunan hər kəs öz geyimlərini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. O qadının oturduğu hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. Əgər bir adam o qadının yatağına ya üstündə oturduğu şeyə toxunsa, o adam axşama qədər murdar sayılsın. Əgər kişi qadınla yaxınlıq edən zaman qadın aybaşı görsə və kişi onunla bulaşsa, kişi də yeddi gün murdar sayılsın; kişinin yatdığı hər yataq da murdar sayılsın. Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın. Bütün axıntı vaxtı aybaşı murdarlığı vaxtı kimi üstündə yatdığı yataq və oturduğu hər şey murdar sayılsın. Onlara toxunan hər kəs də murdar sayılsın. Qoy o, geyimini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. Əgər axıntısı kəsilsə, o qadın yeddi gün gözləsin, sonra pak sayılsın. Səkkizinci gün həmin o qadın iki qumru quşu yaxud iki göyərçin götürüb Hüzur çadırının girişinə, kahinin yanına gətirsin. Kahin quşların birini günah qurbanı, o birisini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin bu qadın üçün axıntısının murdarlığını Rəbbin önündə kəffarə etsin. Beləcə İsrail övladlarını öz murdarlığından ayırın ki, aralarında olan Mənim məskənimi murdarlığı ilə murdar edib ölməsinlər”». Bu təlimat xəstəliyə görə bədən axıntısı olan adamlar üçün, toxumu tökülməklə murdarlanan hər kişi üçün, aybaşı olub murdarlanan hər qadın üçün, axıntı növünə görə olan hər kişi və hər qadın üçün, murdar qadınla yaxınlıq edən hər kişi üçündür.
Выбор основного перевода