Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt. Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt. Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun. Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy. Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun. Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört. Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy. Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman, həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir. Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin. İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir». «Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı. Bunların hamısından müqəddəs məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq. Həmin yağla bunları məsh et: Hüzur çadırını, Şəhadət sandığını, masanı və onun bütün ləvazimatını, çıraqdanı və onun əşyalarını, buxur qurbangahını, yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, tunc ləyəni və onun altlığını. Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq. Harunla oğullarını da məsh edərək təqdis et ki, Mənə kahinlik etsinlər. İsrail övladlarına belə de: “Bu sizin üçün nəsildən-nəslə Mənə müqəddəs məsh yağı olacaq. Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ müqəddəsdir, onu müqəddəs sayın. Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun”». Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun. Bunların hamısından buxur hazırla; ətriyyatçının düzəltdiyi bu qatışıq duzlanmış, təmiz və müqəddəs olsun. Ondan bir qədərini narın döy və Mənim səninlə görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs olsun. Hazırladığın buxurun tərkibinə görə özünüz üçün buxur hazırlamayın; bunu Rəbb üçün müqəddəs sayın. Ona bənzər olan ətir vurmaq üçün hazırlayan hər kəs xalqın arasından qovulsun».
Выбор основного перевода