Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иеремия
Параллельные места
Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın yeddinci günü Babil padşahının əyanı olan mühafizəçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. Mühafizəçilər rəisi ilə birgə gələn bütün Xaldey ordusu Yerusəlimin ətrafındakı divarları uçurtdu. Mühafizəçilər rəisi Nevuzaradan şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və başqa əhalini sürgün etdi. Ancaq o, bağçılıq və əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı. Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardılar. İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, nimçələri və bütün tunc qabları götürüb apardılar. Mühafizəçilər rəisi xalis qızıldan və gümüşdən olan bütün şeyləri – buxurdanları və piyalələri götürdü. Rəbbin məbədi üçün Süleymanın düzəltdiyi iki sütunda, hovuzda və dayaqlarda olan bütün tuncun ağırlığı hesaba gəlməzdi. Bir sütunun hündürlüyü on səkkiz qulac idi və üzərində tunc başlıq var idi. Başlığın hündürlüyü üç qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi. Hər şey tuncdan düzəldilmişdi. O biri sütun da hörmə torla birgə bu cür idi. Mühafizəçilər rəisi başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astanada keşik çəkən üç nəfəri əsir aldı. Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan beş nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu. Mühafizəçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı. Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu. Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi. Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi.
Выбор основного перевода