Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər. Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm. Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib, Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu. Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər. Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı. O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür». Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın». Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı. Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu. Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü. «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız». Sizə dedim ki, Allahınız Rəbb Mənəm, torpağında yaşadığınız Emorluların allahlarına sitayiş etməyin. Siz isə Mənim sözümə qulaq asmadınız”».
Выбор основного перевода