Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz, əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız, Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək. Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız. Əgər buna baxmayaraq yenə də Mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi yeddi qat artıq tənbeh edəcəyəm. Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki, qüvvətiniz tükənsin; nə torpağınız məhsul, nə də ağaclarınız meyvə verəcək. Əgər Mənə qarşı çıxıb sözlərimə hələ də qulaq asmaq istəməsəniz, Mən sizə günahlarınıza görə yeddiqat artıq bəla göndərəcəyəm. Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq. Əgər bunlardan ibrət dərsi almayıb Mənə qarşı çıxmaqda davam etsəniz, Mən də sizə qarşı çıxacağam və günahlarınıza görə yenə də yeddiqat artıq cəzalandıracağam. Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşəsiniz. Çörəyinizin kökünü kəsəcəyəm. On qadın bir təndirdə çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq, siz isə yeyib doymayacaqsınız. Əgər siz bundan sonra da Mənə qulaq asmasanız və Mənə qarşı çıxsanız, bu dəfə Mən də sizə qarşı qəzəblə çıxıb günahlarınıza görə yeddiqat artıq tənbeh edəcəyəm. Oğul və qızlarınızın ətini yeməyə məcbur olacaqsınız. Səcdəgahlarınızı məhv edib, buxur qurbangahlarınızı yox edəcəyəm, bütlərinizi devirəcəyəm və meyitlərinizi o bütlərin üstünə sərəcəyəm. Sizi rədd edəcəyəm; şəhərlərinizi xaraba qoyacağam, Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul etməyəcəyəm. Mən ölkənizi elə viran qoyacağam ki, oranı işğal edən düşmənləriniz baxıb dəhşətə gəlsinlər. Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək. O zaman ölkə viran qalacaq, siz isə düşmən torpağında yaşayacaqsınız. Bütün bu vaxt ərzində ölkə dinclik illərini qeyd edəcək. Yalnız o vaxt ölkə dinclik illərini qeyd edərək şadlanacaq. Orada yaşadığınız dinclik illərində görmədiyi dincliyi ölkə viran qalan bütün müddət görəcək. Düşmən ölkələrində sizdən sağ qalanların ürəklərinə elə cəsarətsizlik salacağam ki, onlar hətta küləkdən tərpənən yarpağın xışıltısından qorxub qaçacaqlar. Onları qovan olmasa da, müharibədən qaçan kimi qaçıb yıxılacaqlar; büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq; düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq. Millətlər arasında həlak olacaqsınız, düşmən torpağı sizi udacaq. Sizdən sağ qalanlarsa düşmən ölkələrində həm öz günahlarının cəzasını, həm də atalarının günahlarının cəzasını çəkib çürüyəcəklər. Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək. Şəhərdə və çöldə lənət qazanacaqsınız. Səbət və xəmir təknələriniz lənətli olacaq. Doğulan övladlarınız, torpaqlarınızın məhsulları, mal-qara və qoyun-keçilərinizin balaları lənətə düçar olacaq. Hər girişiniz, hər çıxışınız lənətli olacaq. Rəbb əl atdığınız hər işdə üzərinizə lənət göndərəcək, sizi vahiməyə salıb çaşdıracaq. Nəhayət, Rəbdən üz döndərib pislik etdiyinizə görə tezliklə sizə ziyan vurub həlak edəcək. Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqdan sizi yox edənədək vəbaya düçar edəcək. O sizi vərəm, qızdırma, iltihab, insanı qovuran istilik, quraqlıq, səmum küləyi və kiflə cəzalandıracaq. Siz yox olana qədər bunlar sizdən əl çəkməyəcək. Başınız üzərində olan göylər tunc, ayağınız altındakı yer isə dəmir kimi olacaq. Rəbb ölkənizə yağış əvəzinə toz-torpaq yağdıracaq. Siz həlak olana qədər göydən üzərinizə bunlar yağacaq. Rəbb sizi düşmənlərinizin önündə məğlub edəcək, onlara bir yoldan hücum edəndə önlərindən yeddi yolla qaçacaqsınız. Dünyanın bütün ölkələrinə dəhşətli ibrət olacaqsınız. Cəsədləriniz göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları ürküdüb qovan olmayacaq. Rəbb sizi sağalmaz Misir çibanları, şişlər, xoralar, qoturlarla cəzalandıracaq. O sizi cəzalandıraraq dəli və kor edəcək, ürəyinizi qubarladacaq. Günorta vaxtı kor adam qaranlıqda əl toxundura-toxundura gəzdiyi kimi gəzəcəksiniz. Hər işiniz uğursuz olacaq, daim iztirab çəkəcək və talan olacaqsınız. Sizi qurtaran olmayacaq. Nişanlandığınız qızla başqası yatacaq. Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz. Öküzünüz gözünüz önündə kəsiləcək, ətindən yeməyəcəksiniz. Eşşəkləriniz sizdən zorla alınacaq və geri qaytarılmayacaq. Sürüləriniz düşmənlərinizə veriləcək və sizi qurtaran olmayacaq. Oğullarınız və qızlarınız gözünüz önündə başqa bir xalqa təslim ediləcək və onların həsrətindən günbəgün gözlərinizin nuru sönəcək. Əlinizdən isə heç nə gəlməyəcək. Torpağınızın və bütün zəhmətinizin məhsulunu tanımadığınız bir xalq yeyəcək, siz isə daima iztirab çəkəcək və əziləcəksiniz. Gözlərinizlə gördükləriniz ağlınızı başınızdan çıxaracaq. Rəbb dizlərinizə, baldırlarınıza təpədən dırnağa qədər sağalmaz çibanlar çıxararaq sizi cəzalandıracaq. Rəbb sizi, öz üzərinizə təyin etdiyiniz padşahı sizin də, atalarınızın da tanımadığı bir millətə əsir apartdıracaq. Orada ağacdan, daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz. Rəbbin sizi əsir etdiyi xalqlar arasında heyrət, məsəl və kinayə hədəfinə çevriləcəksiniz. Zəmiyə çox toxum səpib, az yığacaqsınız, çünki onu çəyirtkə yeyib qurtaracaq. Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək. Torpağınızın hər tərəfində zeytun ağacları bitsə də, onlardan yağ çəkə bilməyəcəksiniz, çünki zeytun ağaclarınız öz meyvəsini tökəcək. Oğullarınız, qızlarınız olacaq, lakin yanınızda qalmayacaq, çünki əsir düşəcəklər. Bütün ağaclarınızın və əkin sahələrinizin bəhərinə çəyirtkələr daraşacaq. Aranızda yaşayan yadellilər sizdən olduqca üstün olacaq, siz aşağı endikcə enəcəksiniz. Sizə onlar borc verəcək, siz onlara borc verə bilməyəcəksiniz, onlar baş, siz isə quyruq olacaqsınız. Bu lənətlərin hamısı sizin üzərinizə töküləcək. Sizi həlak olanadək qovub yaxalayacaqlar, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız, sizə buyurduğu əmrlərə və qaydalara riayət etmədiniz. Bunlar sizə və övladlarınıza əbədi bir əlamət, bir möcüzə olacaq. Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz, Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qulluq edəcəksiniz. Rəbb sizi həlak edənə qədər boynunuza dəmir boyunduruq salacaq. Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq. Bu elə sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir. Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq. Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar. Mühasirəyə düşəndə düşmənlərinizin sizə verəcəyi aclıqdan doğulan övladlarınızın – Allahın Rəbbin sizə verdiyi oğul-qızlarınızın ətini yeyəcəksiniz. Aranızda ən ürəyinazik və həssas adam belə, öz qardaşına, sevdiyi arvadına, sağ qalan övladlarına rəhm etməyəcək. Yediyi uşaqların ətindən onların heç birinə verməyəcək, çünki mühasirə olunanda düşmənlərinizin yaratdığı qıtlığa görə şəhərlərinizdə yeməyə heç nə qalmayacaq. Aranızda ən ürəyinazik, həssas qadın – zərifliyindən və incəliyindən ayağını yerə basmaq istəməyən qadın belə, sevdiyi ərinə, öz oğluna, eləcə də qızına rəhm etməyəcək. Bətnindən çıxan cifti və doğduğu uşaqları verməyib gizli yeyəcək, çünki bütün şəhərləriniz mühasirəyə düşəndə aclıq olacaq. Əgər bu kitaba yazılmış bu Qanunun bütün sözlərinə diqqətlə əməl etməsəniz, Allahınız Rəbbin əzəmətli və zəhmli adından qorxmasanız, Rəbb sizi və nəslinizi dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə, sağalmaz, ağır xəstəliklərə düçar edəcək. Qorxduğunuz bütün Misir xəstəliklərini yenə başınıza gətirəcək, bu xəstəliklərə tutulacaqsınız. Rəbbin bu Qanun kitabında yazılmamış hər cür xəstəlik və bəlanı sizi yox edənədək başınıza gətirəcək. Göydəki ulduzlar qədər çoxalmaq əvəzinə sayca çox az qalacaqsınız, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız. Sizə yaxşılıq etmək və artırmaqdan Rəbb necə razı qalırdısa, sizi həlak etdiyi və yox etdiyi üçün də elə razı qalacaq. Mülk olaraq almaq üçün gedəcəyiniz ölkədən qoparılacaqsınız. Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz. Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək. Daim canınızın qayğısını çəkəcək, gecə-gündüz vahimə içərisində yaşayacaqsınız. Həyatınızın asayişi olmayacaq. Ürəyinizə dolan vahimədən və gözünüzlə gördüyünüz hadisələr üzündən səhər olanda “kaş axşam olaydı”, axşam olanda “kaş səhər olaydı” deyəcəksiniz. Mən sizə demişdim ki, gəldiyiniz yolla geri dönməyəcəksiniz, amma Rəbb sizi gəmilərlə Misirə geri qaytaracaq. Orada qul və qarabaş kimi düşmən bazarında satılacaqsınız, amma sizi pulla alan olmayacaq». Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm». Bütün İsraillilər Sənin qanununu pozub azdı, Sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın Qanununda yazılmış lənət başımıza yağdı və and yerinə yetdi, çünki Ona qarşı günah etdik.
Выбор основного перевода