Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki şahid gəlib dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”». Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz». Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir». Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?» Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər. Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi. Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər: «Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”». Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi. Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz». Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var? Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir. Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular. İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər. Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?» Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar. Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər. Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız. Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz. Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq». Onların hamısı dedi: «Deməli, Sən Allahın Oğlusan?» İsa onlara cavab verdi: «Sizin dediyiniz kimi O Mənəm». Onda onlar dedilər: «Artıq şəhadətə nə ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik».
Выбор основного перевода