Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi bəhrə ilə fəxr edib şərəflənəcəklər. Sevgilimin üzüm bağı barəsində Məhəbbət nəğməsini oxuyuram: Torpağın məhsuldar bir təpəsində Sevgilimin bir üzüm bağı var idi. O, torpağı belləyib daşlardan təmizlədi, Seçmə meynələr əkdi, Ortada gözətçi qülləsi tikdi, Üzümsıxan düzəltdi, Üzümlüyün barını gözlədi, Amma bağ cır üzüm gətirdi. «İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar, Ey Yəhuda adamları, Mənimlə üzüm bağımın arasında hakim olun! Bağım üçün daha nə etməliyəm? Üzümlüyün barını gözləyərkən Axı nə üçün bağım cır üzüm gətirsin? İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim: Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar, Hasarını yıxacağam və onlar tapdalanacaq. Oranı viranəliyə çevirəcəyəm, Oranı nə budayacaqlar, nə də belləyəcəklər. Orada tikan və qanqal bitəcək, Buludlara əmr edəcəyəm ki, Üzərinə yağış yağmasın». İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır, Yəhuda adamları isə Onun sevimli meynələridir! O, ədalət gözləyirdi, Budur, zorakılıq gördü, O, salehlik gözləyirdi, Budur, fəryadlar gördü! Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, İzzəti səni əhatə edəcək. Millətlər sənin nuruna, Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, Hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, Qızların qucaqda gətirilir. O vaxt bunu görüb üzün nur saçacaq, Ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, Millətlərin sərvəti sənə gələcək. Dəvə sürüləri, Midyan və Efa köşəkləri Torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib Qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək. Qedarın bütün qoyun sürüləri yanına yığılacaq, Nevayotun qoçları sənin əlinin altında olacaq, Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək. Şərəfli evimi daha da izzətləndirəcəyəm. Kimdir bunlar, bulud kimi, Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər? Uzaq diyarlar Mənə ümid bağladıqlarına görə Tarşiş gəmiləri başda olmaqla Allahın Rəbbin şərəfinə, Səni ucaldan İsrailin Müqəddəsi üçün Sənin övladlarını qızıl-gümüşü ilə Uzaqdan gətirən gəmilərdir bunlar. Əcnəbilər divarlarını tikəcək, Padşahları sənə xidmət edəcək. Qəzəbimdə səni vurdumsa da, Lütfümlə sənə mərhəmət edəcəyəm. Darvazaların həmişə açıq qalacaq, Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki, Millətlərin sərvəti sənə təqdim olunsun, Padşahları yanına gətirilsin. Çünki sənə xidmət etmək istəməyən Millət ya padşahlıq məhv olacaq, Bəli, o millətlər tamamilə yox olacaq. Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm. Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər. Səni tərk edib nifrət etdilər, Yanından heç kim keçmirdi, İndi isə Mən səni əbədi fəxr, Nəsillər boyu sevinc edəcəyəm. Millətlər və padşahlar Bir ana kimi sənə süd verəcəklər. O vaxt biləcəksən ki, səni qurtaran Rəbb, Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm. Sənə tunc əvəzinə qızıl, Dəmir yerinə gümüş, Ağac yerinə tunc, Daş əvəzinə dəmir gətirəcəyəm. Əmin-amanlığı başçın, Salehliyi hökmdarın təyin edəcəyəm. Ölkəndən zorakılıq, Sərhədlərindən viranəlik, Qırğın xəbəri gəlməyəcək. Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan. Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq. Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq. Bütün xalqın saleh olacaq, Torpağı əbədi mülk olaraq alacaq. Onlar əkdiyim fidandır, Şöhrətimi göstərmək üçün əlimin işidir. Ən kiçik ailədən böyük nəsil törəyəcək, Azsaylı nəsil qüdrətli millət olacaq. Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm. Salehliyi nur kimi saçanadək, Qurtuluşu məşəl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam. Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan. Sən Rəbbin əlində gözəllik tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan. Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq. Bir gənc bakirə qızla evləndiyi kimi Səni Yaradan da səninlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq. Ey Yerusəlim, divarlarının üstünə Mən qarovulçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın, Rəbb Yerusəlimi bərpa edənədək, Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədək Ona rahatlıq verməyin! Rəbb sağ əlini, güclü qolunu Qaldırıb and içdi: «Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm, Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək. Taxılı yığan yeyəcək, Rəbbə həmdlər edəcək. Üzümü toplayan şərabını Məbədimin həyətlərində içəcək». Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın! Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi: «Sion qızına deyin: “Budur, qurtuluşun gəlir, Rəbbin mükafatı onunladır, Ənamı önündədir”». Sion xalqına «Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər. Sən, ey Yerusəlim, «Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan. Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Gecə oğrular gəlsəydi, Yalnız istədiklərini oğurlamazdılarmı? Sonra onlara söylə ki, Xudavənd Rəbb belə deyir: İsrail övladlarını yanlarına getdikləri millətlərin arasından götürəcək, onları hər yerdən toplayıb öz torpaqlarına qaytaracağam. Onları ölkədə, İsrail dağları üzərində vahid bir millət edəcəyəm. Hamısının vahid padşahı olacaq. Daha iki ayrı millət olmayacaq, iki padşahlığa bölünməyəcəklər. Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam.
Выбор основного перевода