Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Haruna dedi: «Onların torpağında sənin irsin olmayacaq və onlar arasında heç bir payın olmayacaq. İsrail övladları arasında sənin payın və irsin Mənəm. Levililərə isə İsraildə olan bütün varidatın onda birini irs olaraq verdim. Bu, xidmətlərinin, Hüzur çadırında etdikləri xidmətin əvəzidir. Artıq İsrail övladları Hüzur çadırına yaxınlaşmasınlar ki, günahlarının cəzasını çəkib ölməsinlər. Lakin Hüzur çadırının xidmətini Levililər etsinlər və çadırla əlaqədar günahlarının cəzasını çəksinlər. Bu, nəsildən-nəslə qədər sizin üçün əbədi qaydadır. İsrail övladları arasında onların irsi olmayacaq. Bunun yerinə Levililərə irs olaraq İsrail övladlarının Rəbbə qaldırma təqdimi kimi verdikləri onda birini verdim. Buna görə Levililər üçün dedim ki, İsrail övladları arasında onların irsi olmayacaq». Rəbb Musaya dedi: «Levililərə belə söylə: “İsrail övladlarının məhsullarından irsiniz olaraq sizə verdiyim onda bir hissəni aldığınız vaxt bu hissənin onda birini qaldırma təqdimi kimi verin. Təqdiminiz xırmanda döyülən taxıl yaxud üzümsıxandan çıxan məhsul kimi sayılacaq. Beləliklə, İsrail övladlarından alacağınız onda birlərinizin hamısından Rəbbə qaldırma təqdimini gətirib kahin Haruna verin. Bütün hədiyyələrinizdən Rəbbə qaldırma təqdimi verin. Hər təqdim onun təqdis olunmuş ən yaxşı hissəsindən olsun”. Bunun üçün onlara deyin: “Ondan ən yaxşısını təqdim etdiyiniz zaman bu, Levililər üçün xırman məhsulu yaxud üzümsıxan məhsulu kimi sayılacaq. Siz və ev xalqınız hər yerdə onu yeyəcəksiniz, çünki o, haqqınız, Hüzur çadırında olan xidmətinizin əvəzidir. Ondan ən yaxşısını təqdim edəndə ondan savayı günahın cəzasını çəkməmək üçün İsrail övladlarının müqəddəs təqdimlərini pozmayın ki, ölməyəsiniz”». Levililərin soydaşları arasında irsi torpaqları olmayacaq və Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.
Выбор основного перевода