Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sara Kənan torpağında olan Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi. İbrahim cəsədin yanından gedib Xetlilərə dedi: «Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım». Xetlilər İbrahimə cavab verdilər: «Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz». İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi. Sonra onlarla danışıb dedi: «Əgər siz mənim ölümü basdırmağa razısınızsa, mənə qulaq asın: mənim üçün Sohar oğlu Efrondan xahiş edin ki, tarlasının qurtaracağında ona məxsus olan Maxpela mağarasını mənə satsın, yanınızda qəbir düzəltmək üçün onu tam dəyəri ilə mənə versin». Efron Xetlilərin arasında oturmuşdu. Xetli Efron şəhər darvazasının yanına yığılan bütün Xetlilərin önündə İbrahimə belə cavab verdi: «Yox, ağam, mənə qulaq as: mən tarlanı və orada olan mağaranı sənə verirəm, öz xalqımın adamları önündə onu sənə verirəm; get ölünü basdır». İbrahim o ölkənin xalqına təzim etdi. Sonra o ölkənin xalqının yanında Efrona belə dedi: «Xahiş edirəm, mənə qulaq as: tarlanın dəyərini verirəm, onu məndən götür, qoy mən də öz ölümü orada basdırım». Efron İbrahimə cavab verdi: «Ay ağam, mənə qulaq as: torpağın qiyməti dörd yüz şekel gümüşdür; mənimlə sənin aranda bu nədir? Ölünü basdır». İbrahim Efronun sözünü qəbul edib Xetlilərin yanında Efronun dediyi kimi tacirlərin tərəzi daşları ilə dörd yüz şekel gümüş çəkdi. Beləcə Mamre qarşısındakı Maxpelada olan Efronun tarlası, oradakı mağara, tarlada və onun ərazisində olan bütün ağaclar Xetlilərin gözü önündə – şəhər darvazasında yığılanların qarşısında İbrahimin mülkü oldu. Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela tarlasının mağarasında basdırdı. Beləcə Xetlilər tarlanı və orada olan mağaranı qəbir düzəltmək üçün İbrahimə mülk verdilər. O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı. Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın. O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı. Beləliklə, Yusif atasını basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün ağsaqqalları, Yusifin bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər. Qoşen vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular. Onlarla birgə atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi. Onlar İordan çayının yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif atası üçün yeddi gün yas tutdu. O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim adı verildi. Yaqubun oğulları atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər. Onu Kənan ölkəsinə gətirib Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt həmin mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı. İsraillilər Misirdən çıxarkən Yusifin sümüklərini özləri ilə götürmüşdülər. Bunları Yaqubun Şekemdəki tarlasında basdırdılar. Yaqub bu tarlanı Şekemin atası Xamorun övladlarından yüz parça gümüşə satın almışdı və bu torpaq Yusif övladlarının irsi oldu.
Выбор основного перевода