Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam. Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi. Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. Burada Sənin adını çəkənlərin hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm». Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. Sonra yemək yeyib taqətə gəldi. Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı. Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?» Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı. Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı. Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər. Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir. Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib. Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi. O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər. «Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim. İsa yolunda olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım. Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim. Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı. Mən yerə yıxıldım və eşitdim ki, bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” Mən soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib etdiyin Nazaretli İsayam”. Yanımdakılar işığı görsələr də, mənimlə danışanın səsini eşitmədilər. Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək”. O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda olanlar əllərimdən tutub məni Dəməşqə apardılar. Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi. O mənim yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim açıldı və onu gördüm. O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən. Çünki görüb-eşitdiklərini bütün insanlara yayaraq Onun üçün şəhadət edəcəksən. İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”. Mən Yerusəlimə qayıdıb məbəddə dua etməkdə idim ki, fikrimi bir görüntü apardı və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi tərk et, çünki Mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”. Mən dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman edənləri həbs edir və döyürdüm. Hətta Sənin uğrunda şəhid olan Stefanın qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst geyimlərini qoruyurdum”. Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, başqa millətlərin yanına göndərəcəyəm”». Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar. Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim.
Выбор основного перевода