Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. «İsrail övladları Pasxa bayramını təyin olunmuş vaxtda qeyd etsinlər. Onu ayın on dördüncü günündə, axşamçağı, təyin olunmuş vaxtda keçirin; onu bütün qaydalarına və hökmlərinə görə qeyd edin». Beləcə Musa İsrail övladlarına əmr etdi ki, Pasxa bayramını keçirsinlər. Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə qoyun-keçilərinizdən, mal-qaranızdan Pasxa qurbanı kəsin. Qurban əti ilə birlikdə mayalı çörək yeməyin. Misirdən tələsik çıxdığınıza görə əziyyət içərisində yediyiniz çörək kimi yeddi gün mayasız çörək, yəni əziyyət çörəyi yeyin. Bununla ömür boyu Misirdən çıxdığınız günü yada salın. Ölkənizin heç bir yerində yeddi gün mayadan istifadə olunmasın. Qurban kəsdiyiniz heyvanların əti axşamdan sabaha qalmasın. Pasxa qurbanlarını Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin heç birində kəsməyin, ancaq Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə kəsin. Orada qurbanları axşam, gün batanda, Misirdən çıxdığınız saatlarda kəsin. Əti Allahınız Rəbbin seçəcəyi yerdə bişirib yeyin. Səhər açılanda isə oradan çıxıb çadırlarınıza qayıdın. Altı gün mayasız çörək yeyin. Yeddinci gün Allahınız Rəbb üçün təntənəli toplantı keçirin və heç bir iş görməyin. Yoşiya Yerusəlimdə Rəbb üçün Pasxa bayramını keçirdi və birinci ayın on dördüncü günü Pasxa qurbanını kəsdilər. O, kahinləri vəzifələrinə qoydu və onları Rəbbin məbədinin xidməti üçün ruhlandırdı. Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin. İsrail padşahı Davudun və onun oğlu Süleymanın yazdığı kimi nəsillərinizə, bölmələrinizə görə hazır olun. Qohumlarınız olan xalqın nəsil bölmələrinə və Levililərin nəsil bölmələrinə görə Müqəddəs yerdə dayanın. Pasxa qurbanını kəsin, özünüzü təqdis edin və Musa vasitəsilə olan Rəbbin sözünə əməl edərək qohumlarınız üçün hazırlıq görün». Yoşiya xalqa, orada olan hər kəsə Pasxa qurbanı olaraq sürüdən otuz min quzu və oğlaq verdi, üç min baş mal-qara da verdi. Bunlar padşahın malından idi. Onun rəisləri də xalqa, kahinlərə və Levililərə könüllü hədiyyələr verdilər. Allah məbədinin rəisləri olan Xilqiya, Zəkəriyyə və Yexiel, kahinlərə iki min altı yüz Pasxa qurbanı olacaq davar və üç yüz baş mal-qara verdi. Konanya, onun qardaşları Şemaya və Netanel, Levililərin rəisləri Xaşavya, Yeiel və Yozavad Levililərə beş min Pasxa qurbanı olacaq heyvan və beş yüz baş mal-qara verdi. Xidmət işi hazır olanda padşahın əmri ilə kahinlər yerlərində və Levililər bölmələrinə görə dayanıb Pasxa qurbanını kəsdilər. Kahinlər özlərinə verilən qanı səpdilər, Levililər isə qurbanların dərisini soydular. Onları xalqa nəsil bölmələrinə görə vermək üçün ayırdılar ki, Musanın kitabında yazıldığı kimi xalq Rəbbə yandırma qurbanları təqdim etsin. Mal-qaranı da belə etdilər. Pasxa qurbanını da qaydaya görə odda qızartdılar. Müqəddəs qurbanları qazanlarda, tiyanlarda və tavalarda bişirdilər və bütün xalqa tələsik payladılar. Bundan sonra özləri və kahinlər üçün hazırladılar, çünki Harun nəslindən olan kahinlər gecə düşənə qədər yandırma qurbanları və yağları təqdim etməklə məşğul idi. Bundan ötrü Levililər özləri və Harun nəslindən olan kahinlər üçün hazırlıq gördülər. Asəf nəslindən olan ilahiçilər Davudun, Asəfin, Hemanın və padşahın görücüsü Yedutunun əmr etdiyi yerlərdə, qapıçılar isə hər darvaza ağzında dayandı. Xidmətlərindən ayrılmaları lazım deyildi, çünki Levili olan qohumları onlar üçün hazırlıq gördü. Padşah Yoşiyanın əmrinə görə Pasxa bayramını keçirmək və Rəbbin qurbangahında yandırma qurbanları təqdim etmək üçün Rəbbin bütün xidməti o gün beləcə hazırlandı. Orada olan İsrail övladları o zaman Pasxa bayramını, yeddi gün isə Mayasız Çörək bayramını qeyd etdilər.
Выбор основного перевода