Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ancaq padşah Yehoramın qızı, Axazyanın bacısı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Beləcə Yoaşı Atalyadan gizlətdilər və o öldürülmədi. Yoaş padşah olduğu vaxt yeddi yaşında idi və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi. Yoaş kahin Yehoyadanın bütün ömrü boyu Rəbbin gözündə doğru olan işlər etdi. Yehoyada ona iki arvad aldı. O, oğullar və qızlar atası oldu. Bundan sonra Yoaş Rəbbin məbədini bərpa etməyi qərara aldı. Kahinlərlə Levililəri toplayıb onlara dedi: «Yəhudanın şəhərlərinə çıxın və Allahınızın məbədini hər il təmir etmək üçün bütün İsraillilərdən pul toplayın, bu işi görməyə tələsin». Ancaq Levililər tələsmədi. Başçı olan Yehoyadanı padşah çağırdı və ona dedi: «Rəbbin qulu Musanın və İsrail camaatının Şəhadət çadırı üçün qoyduqları vergini Yəhudadan və Yerusəlimdən gətirmələrini nə üçün Levililərdən tələb etmədin?» Çünki o pis qadın Atalyanın oğulları Allahın məbədini viran etmişdilər və Rəbbin məbədinin bütün müqəddəs şeylərini də Baal bütləri üçün işlətmişdilər. Padşah əmr etdi və bir sandıq düzəldib onu Rəbbin məbədinin darvazasına, bayır tərəfə qoydular. Allahın qulu Musanın çöldə İsrail üzərinə qoyduğu vergini Rəbb üçün gətirsinlər deyə Yəhudada və Yerusəlimdə elan etdilər. Rəislərlə bütün xalq sevindi və sandıq dolana qədər vergini gətirib onun içinə qoydular. Padşahlığın məmurları Levililərin onların yanına gətirdikləri sandığın içində çox pul olduğunu gördükləri vaxt padşahın mirzəsi ilə başçı kahinin məmuru gəlib sandığı boşaldar, sonra onu yenə yerinə qaytarardılar. Hər gün beləcə etməklə olduqca çox pul topladılar. Padşahla Yehoyada onu Rəbbin məbədinin xidmət işini görənlərə verdilər və Rəbbin məbədini bərpa etmək üçün daşyonanları və dülgərləri, Rəbbin məbədini təmir etmək üçün dəmir və tunc ustalarını muzdla tutdular. İşçilər işlədilər, təmir işi onların əlində irəli getdi və Allahın məbədini qaydasına salıb onu möhkəmləndirdilər. İşi qurtardıqları vaxt yerdə qalan pulu padşahın və Yehoyadanın önünə gətirdilər və bununla Rəbbin məbədi üçün əşyalar – xidmət və yandırma qurbanları üçün əşyalar, nimçələr, qızıl və gümüş əşyalar düzəltdilər. Onlar Yehoyadanın bütün ömrü boyu daim Rəbbin məbədində yandırma qurbanları təqdim edərdi.
Выбор основного перевода