Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yeşua və İsraillilərə qarşı birlikdə döyüşmək üçün bir yerə toplandılar. Lakin Giveon əhalisi Yeşuanın Yerixonun və Ay şəhərinin başına gətirdiklərini eşitdikdə hiylə ilə hərəkət etdilər: gedib özlərini elçi kimi göstərdilər və köhnəlmiş torbalar, köhnə, yırtıq və bağlanmış şərab tuluqlarını eşşəklərinə yüklədilər. Ayaqlarında cırıq və yamaqlı çarıqları, əyinlərində köhnə paltarları var idi. Ərzaqları, bütün çörəkləri qurumuş və kiflənmişdi. Onlar Qilqalda olan ordugaha, Yeşuanın yanına getdilər, ona və İsraillilərə dedilər: «Biz uzaq bir ölkədən gəlmişik, indi bizimlə əhd kəsin». İsraillilər Xivlilərə dedilər: «Bəlkə siz bizim aramızda yaşayırsınız? Biz sizinlə necə əhd kəsək?» Onlar Yeşuaya dedilər: «Biz sənin qullarınıq». Yeşua isə onlara dedi: «Siz kimsiniz və haradan gəlirsiniz?» Ona dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik. Çünki Rəbbin xəbərini, Misirdə etdiyi bütün şeyləri, İordan çayının o tərəfində olan Emorluların iki padşahı – Xeşbon padşahı Sixonun və Aştarotdakı Başan padşahı Oqun başına gətirdiyi hər şeyi eşitmişik. Ona görə ağsaqqallarımız və ölkəmizin bütün əhalisi bizə belə dedilər: “Yol üçün əlinizə ərzaq götürüb onları qarşılamağa gedin və deyin: ‹Biz sizin qullarınızıq, indi bizimlə əhd kəsin›”. Yanınıza gəlmək üçün çıxdığımız gün bu çörəyimizi ərzaq kimi evlərimizdən isti-isti götürmüşdük, indi isə quruyub və kiflənib. Doldurduğumuz bu şərab tuluqları təzə idi, indi isə yırtılıb. Yol çox uzun olduğu üçün paltarlarımız və çarıqlarımız da köhnəlib». İsraillilər onların ərzaqlarını götürdülər və onlara inandılar, ancaq Rəbdən məsləhət almadılar. Yeşua onlarla sülh bağlayıb onları sağ buraxacağına söz verdi və icma rəhbərləri də bunun üçün and içdilər. Onlarla əhd bağladıqdan üç gün sonra eşitdilər ki, bu adamlar İsraillilərlə qonşuluqda – öz aralarında yaşayanlardır. İsraillilər çıxıb üçüncü gün onların şəhərlərinə gəldilər. Onların şəhərləri Giveon, Kefira, Beerot və Qiryat-Yearim idi.
Выбор основного перевода