Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu.
Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi.
Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə,
beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi.
On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi.