Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq. Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vay Nevonun halına! Çünki viranəliyə çevriləcək. Qiryatayim dağılacaq, Ələ keçiriləcək. Qalası dağılacaq, Darmadağın olacaq. Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq. Xoronayimdən fəryad səsi gələcək: “Şəhər dağıldı və böyük qırğın oldu!” Moav dağıdıldı, Övladlarının fəryadı ucaldı. Ağlaya-ağlaya Luxit yoxuşundan çıxırlar, Çünki Xoronayim enişində Qırğına görə acı fəryadlar eşidilir. Qaçın, canınızı qurtarın! Çöldəki yulğun ağacı kimi az-az görünün. Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün Sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə Sürgün ediləcək. Rəbbin söylədiyi kimi Məhv edən hər şəhərin üstünə gələcək, Heç bir şəhər qurtulmayacaq. Vadi yerlə yeksan olacaq, Yayla viran ediləcək. Moav torpağına duz tökün ki, Bərəkətsiz olsun. Şəhərləri elə viran olacaq ki, Orada kimsə yaşamayacaq. Rəbbin işini yarımçıq görənə Lənət olsun! Qılıncını qan tökməkdən saxlayana Lənət olsun! Moav cavanlığından bəri qayğısız idi. Tortası dibdə qalan şəraba oxşayırdı. Qabdan qaba boşaldılmadı, Sürgünə getmədi. Buna görə də dadını dəyişmədi, Ətrini itirmədi. Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər. İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq. Nə üçün “biz igidik, Döyüşə qabil əsgərlərik” deyirsiniz? Moav məhv olacaq, Onun şəhərlərinə hücum edəcəklər. Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək» Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir. «Moavın fəlakəti gəlmək üzrədir, Onun bəlası sürətlə yaxınlaşır. Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!” Ey qıza bənzəyən Divonun sakini, Cah-calalından düş, Susuz yerdə otur. Çünki Moavı məhv edən Sənin də üstünə gələcək, Qalalarını dağıdacaq. Ey Aroer sakini, Yol kənarında durub gözlə! Qaçan kişidən, qurtulan qadından “Nə olub?” deyə soruş. Moav alçaldıldı, Çünki dağıldı. Fəryad et, bağır! Moavın məhv olduğunu Arnon vadisində bildir. Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat, Divon, Nevo, Bet-Divlatayim, Qiryatayim, Bet-Qamul, Bet-Meon, Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu. Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir. «Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək. Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən? Ey Moav sakinləri, Şəhərlərinizi tərk edib Qayalara sığının. Yuvasını uçurumun ağzında quran Göyərçin kimi olun. Moavın qüruru, onun hədsiz məğrurluğu, Təkəbbürü, təşəxxüsü, lovğalığı, Özünü yüksək tutması barədə biz eşitmişdik. Azğınlığını bilirəm» Rəbb belə bəyan edir. «Öyünməsi də boş şeydir, etdikləri də. Buna görə də Moav üçün nalə çəkəcəyəm, Bütün Moav üçün fəryad edəcəyəm, Qir-Xeres xalqı üçün yas tutacağam. Ey Sivma tənəyi, Sənin üçün Yazer xalqından çox ağlayacağam. Budaqların Ölü dənizi aşıb Yazerə çatdı. Məhv edən sənin yay meyvələrinin, Yetişmiş üzümünün üstünə atıldı. Moavın meyvə bağlarından, tarlalarından Sevinc və fərəh götürüldü. Üzümsıxanlardan axan şərabı kəsdim. Heç kəs sevinc nidası ilə üzüm əzmir. Gələn səda sevinc nidası deyil. Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu. Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir. «Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu. Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq. Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir. «Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu». Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub Moav üzərində qanadlarını gərəcək. Qeriyot ələ keçiriləcək, Qalalar alınacaq. O gün Moav döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq. Moav viran olacaq, Xalqlar arasından silinəcək. Çünki Rəbb qarşısında qürurlandı. Ey Moav sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq» Rəbb belə bəyan edir. «Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Çünki Moavın üzərinə Cəza ilini gətirəcəyəm» Rəbb belə bəyan edir. «Xeşbonun kölgəsində Qaçqınlar taqətsiz durmuşlar. Çünki Xeşbondan od, Sixonun ortasından alov çıxdı. Moavın alnını, Hər yana səs salanların başlarını Yandırıb-yaxdı. Vay halına, ey Moav! Kemoşun xalqı yox oldu. Oğulların sürgünə göndərildi, Qızların əsir alındı. Ancaq gələcəkdə Moavdan sürgün olunanları geri qaytaracağam» Rəbb belə bəyan edir. Moav barədəki hökm burada sona çatır. Xudavənd Rəbb belə deyir: “Moav və Seir xalqı deyir ki, budur, daha Yəhuda nəslinin başqa xalqlardan fərqi yoxdur. Buna görə də Mən Moavın sərhədini açıb ölkənin şöhrəti olan sərhəd şəhərlərini – Bet-Yeşimotu, Baal-Meonu, Qiryatayimi müdafiəsiz qoyacağam. Ammonlular bir daha xalqlar arasında yada salınmasınlar deyə Moavı Ammonluların torpağı ilə birlikdə şərq xalqlarına verəcəyəm. Beləcə Moav xalqını cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”. «Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər. Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki, Moav mütləq Sodom kimi, Ammon Homorra kimi olacaq: Oraları alaqlar və duzlu çalalar basacaq, Əbədi viranəliyə dönəcək. Xalqımın qalanları oranı talan edəcək, Torpaqlarına millətimdən sağ qalanlar Sahib olacaq». Bu onların məğrurluğunun əvəzi olacaq, Çünki bu xalqlar Ordular Rəbbinin xalqına rişxənd edib lovğalandı. Rəbb onları dəhşətə salacaq, Yer üzünün bütün allahlarını yox edəcək. Uzaqlarda yaşayan bütün millətlər Olduqları yerlərdə Ona səcdə edəcək.
Выбор основного перевода