Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yeremyaya Rəbdən bu söz nazil oldu: Rəbb Babil və Xaldey ölkəsi barədə Yeremya peyğəmbər vasitəsilə bu sözləri nazil etdi: «Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq. Çünki onun üstünə şimaldan Bir millət hücum edəcək, Ölkəsini viran edəcək. Orada yaşayan olmayacaq, İnsan da, heyvan da qaçıb gedəcək». Rəbb bəyan edir: «O gün, o zaman İsrail xalqı ilə Yəhuda xalqı Birlikdə gələcək, Onlar ağlaya-ağlaya gəlib Özlərinin Allahı Rəbbi axtaracaq. Üzləri Siona tərəf Oraya gedən yolu soruşacaqlar, Onlar gəlib unudulmaz, əbədi bir əhdlə Rəbbə bağlanacaq. Xalqım itmiş qoyunlar kimidir, Çobanları onları azdırdı, Dağlarda özbaşına dolandırdı, Onlar dağdan təpəyə getdi, Yatdıqları yeri unutdu. Kim onları tapdısa, yedi. Düşmənləri dedi: “Biz təqsirkar deyilik, Çünki onlara əsl otlaq olan Rəbbə – Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”. Babildən qaçıb qurtarın! Xaldey ölkəsini tərk edin, Sürüyə yol göstərən təkə kimi olun! Çünki Mən şimal ölkəsindən Babilə qarşı böyük millətlər ittifaqını Oyandırıb çıxaracağam. Babilin önündə düzülüb Onu şimaldan ələ keçirəcəklər. Oxları mahir döyüşçü oxları kimi olacaq, Heç biri əliboş qayıtmayacaq. Xaldey ölkəsi qarət olunacaq, Onu qarət edənlər maldan doyacaq» Rəbb belə bəyan edir. «Ey irsimi talayanlar, İndi ki sevinib şadlıqla coşursunuz, Xırmanda taxıl döyən düyə kimi tullanırsınız, Ayğır kimi kişnəyirsiniz, Ananız çox utanacaq, Sizi doğanın üzü qızaracaq. Xaldey millətlərin ən zəifi, Quraq, boz bir səhra olacaq. Rəbbin qəzəbi üzündən Heç kəs orada yaşamayacaq, Tamamilə viran olacaq. Hər keçən Babilin aldığı Bütün yaraları görəndə Heyrət içində fit çalacaq. Ey bütün kaman çəkənlər, Babilin ətrafında döyüş üçün düzülün. Oraya ox atın, oxunuzu əsirgəməyin. Çünki o, Rəbbə qarşı günah etdi. Hər tərəfdən ona qarşı nərə çəkin, O təslim oldu, Qüllələri yıxıldı, divarları uçuldu. Çünki bu, Rəbbin qisasıdır. Ondan qisas alın, O nə etdisə, başına onu gətirin. Babildə əkinçiləri məhv edin, Biçin vaxtı oraqçıları rədd edin. Zalımların qılıncı üzündən Hər kəs öz xalqının yanına qayıtsın, Hamı öz ölkəsinə qaçsın. İsrail dağılmış bir sürüyə bənzər, Onu aslanlar qaçırtdı. Onu əvvəl Aşşur padşahı yedi, Sonra Babil padşahı Navuxodonosor Onun sümüklərini qırdı». Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Aşşur padşahını necə cəzalandırdımsa, Babil padşahı ilə ölkəsini də Eləcə cəzalandıracağam. Lakin İsraili yenə öz otlağına gətirəcəyəm, O, Karmeldə və Başanda otlayacaq. Efrayim və Gilead dağlıq bölgələrində İstədiyi qədər yeyib-doyacaq. O gün, o zaman İsraildə təqsir axtarılacaq, Ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam» Rəbb belə bəyan edir. «Meratayim torpağına, Peqodda yaşayanlara hücum et. Onları təqib edib öldür, Bütünlüklə yox et» Rəbb belə bəyan edir. «Sənə nə buyururamsa, hamısını et. Ölkədə müharibə və böyük qırğın Gurultusu eşidilir. Bütün dünyanın gürzü Necə də qırılıb parçalandı! Babil necə də millətlər arasında Viranə oldu! Sənin üçün tələ qurdum, ey Babil, Sən də bilmədən tələmə düşdün. Tutulub yaxalandın, Çünki Rəbbə qarşı çıxdın. Rəbb cəbbəxanasını açdı, Qəzəbinin silahlarını çıxartdı. Çünki Ordular Rəbbi Xudavəndin Xaldey ölkəsində edəcəyi bir iş var. Hər yandan ona hücum edin, Anbarlarını açın, Mallarını qalaq-qalaq yığın. Onu tamamilə məhv edin, Ondan bir şey qalmasın. Bütün buğalarını kəsin, Sallaqxanaya getsinlər. Vay onların halına! Çünki onların günü, Cəza vaxtı gəldi. Allahımız Rəbbin qisasını, Onun məbədinin qisasını Sionda elan etmək üçün Babil ölkəsindən qaçıb qurtaranların Səsini eşidin! Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın. Ətrafını mühasirəyə alın, Heç kəs qaçıb qurtara bilməsin. Ona işlərinə görə əvəz verin. O nə etdisə, başına onu gətirin. Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı Məğrurluq etdi. Buna görə də cavanları Meydanlarda həlak olacaq, O gün bütün döyüşçüləri susdurulacaq» Rəbb belə bəyan edir. «Budur, Mən sənə qarşıyam, ey məğrur» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Çünki sənin günün, Səni cəzalandıracağım vaxt gəldi. Məğrur büdrəyib-yıxılacaq, Onu qaldıran olmayacaq, Şəhərlərinə od salacağam, Bütün ətrafda olanları Yandırıb yox edəcək». Ordular Rəbbi belə deyir: «Bütün İsrail xalqı da, Yəhuda xalqı da əziyyət çəkir. Onları əsir tutanlar möhkəm saxlayır, Buraxmaq istəmir. Amma onların Satınalanı güclüdür, Onun adı Ordular Rəbbidir. Rəbb mütləq onların işinə baxacaq ki, Ölkəyə rahatlıq versin, Amma Babil sakinlərinə təşviş gətirsin». Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin! Babildə yaşayanlara, Babil başçılarına, Müdriklərinə qarşı qılınc gəlsin! Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin! Axmaqlıqları üzə çıxacaq. Döyüşçülərinə qarşı qılınc gəlsin! Onlar çaşqınlığa düşəcək. Atlarına, döyüş arabalarına, Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin! Hamısı arvad kimi ürkək olacaq. Xəzinələrinə qarşı qılınc gəlsin! Onlar qarət ediləcək. Sularına quraqlıq gəlsin! Onlar quruyacaq. Çünki Babil bütlər ölkəsidir, Onlar qorxunc bütlərlə dəli oldu. Buna görə də orada vəhşi heyvanlar, Çaqqallar, bayquşlar yaşayacaq, Daha insan yaşamayacaq, Əbədi olaraq orada heç kəs sakin olmayacaq. Sodomla Homorranı və ətrafındakı kəndləri Allah necə dağıtdısa, Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq. Budur, şimaldan bir ordu gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət və çoxlu padşahlar Hərəkətə gəlir. Onlar ox-kaman və nizə ilə silahlanmış, Qəddar və rəhmsizdir. Atların üstündə gələrkən Səsləri dəniz kimi gurlayır. Döyüşə hazır döyüşçülər Önündə düzüləcək, ey Babil xalqı! Babil padşahı onların xəbərini eşitdi, Əlləri yanına düşdü. Doğan qadın kimi Onu üzüntü və sancı bürüdü. Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Xaldeyliləri bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edəcək, Mənim qabağımda duracaq Bir çoban varmı?» Buna görə də Rəbbin Babilə qarşı fikrini, Xaldey ölkəsinə qarşı məqsədini eşidin: «Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə otlaqlar səhraya çevriləcək. “Babil süqut etdi” səsindən yer üzü titrəyəcək, Millətlər arasında onun fəryadı eşidiləcək». Rəbb belə deyir: «Mən Babildə və Lev-Qamayda yaşayanlara qarşı Həlakedici bir külək əsdirəcəyəm. Babilə taxılsovuranlar göndərəcəyəm, Onu sovurub ölkəsini boş qoyacaqlar, Qara gündə hər yandan ona hücum edəcəklər. Oxçu kamanını çəkməsin, Zirehini geyməsin. Onun cavanlarına rəhm etməyin, Ordusunu tamamilə məhv edin. Öldürülənlər Xaldey ölkəsində, Yaralılar Babil küçələrində Yerə səriləcək. Ancaq İsrailin Müqəddəsinə qarşı Ölkələri təqsirlə dolduğu halda Özlərinin Allahı Ordular Rəbbi İsrail və Yəhuda xalqlarını tərk etmədi. Babilin içindən qaçın! Hər kəs canını qurtarsın! Onun günahına görə məhv olmayın. Çünki Rəbbin qisas zamanıdır, Ona öz əvəzini verəcək. Babil Rəbbin əlində bir qızıl kasa idi, Bütün dünyanı sərxoş edirdi. Millətlər onun şərabını içdi, Ona görə də çılğınlaşdı. Babil qəflətən düşüb parça-parça olacaq, Onun üçün yas tutun! Yarasına məlhəm sürtün, Bəlkə şəfa tapar. Babilə şəfa vermək istədik, Amma sağalmadı. Onu tərk edək, Hər birimiz öz ölkəmizə qayıdaq. Çünki Babilin hökmü göylərə çatır, Buludlara qədər yüksəlir. Rəbb bizə bəraət verdi. Gəlin Allahımız Rəbbin nələr etdiyini Sionda elan edək! Oxları itiləyin, Kaman qablarını doldurun! Rəbb Midiya padşahlarını hərəkətə gətirdi. Məqsədi Babili yox etməkdir, Rəbb Öz qisasını, məbədinin qisasını alacaq. Babil divarlarına qarşı Bayraq yüksəldin! Keşikçiləri çoxaldın, Növbətçiləri öz yerinə qoyun, Pusquda durun. Çünki Rəbb Babildə yaşayanlara qarşı Həm niyyət qurdu, Həm də söylədiyini yerinə yetirdi. Ey axar suların sahilində yaşayanlar, Çoxlu xəzinələri olanlar, Axırınız gəldi, Vaxtınız yetişdi». Ordular Rəbbi öz varlığına and içdi: «Səni çəyirtkə sürüsü ilə dolduran kimi Mütləq əsgərlərlə dolduracağam, Sənə qarşı zəfər nərəsi çəkəcəklər». Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu, Dərrakəsi ilə göyləri yaydı. O gurlayanda göydəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir, Yağış üçün şimşək çaxdırır, Anbarlarından külək çıxarır. Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur. Onlar boş şey, masqaraçıların işidir, Cəza vaxtı məhv olacaqlar. Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki irs qəbiləsi ilə birgə Hər şeyi yaradan Odur. Onun adı Ordular Rəbbidir. «Sən mənim toppuzum, döyüş silahımsan, Səninlə millətləri qırıram, Səninlə padşahlıqları məhv edirəm. Səninlə atları və süvariləri qırıram, Səninlə döyüş arabaları və minicilərini qırıram, Səninlə kişi və qadınları qırıram, Səninlə qoca və cavanları qırıram, Səninlə gənc oğlan və qızları qırıram. Səninlə çoban və sürüsünü qırıram, Səninlə əkinçi və öküzlərini qırıram, Səninlə valilərlə vəkilləri qırıram. Amma Babildə və Xaldey ölkəsində yaşayanlara Sionda etdikləri bütün pis əməllərinin əvəzini Gözlərinizin önündə verəcəyəm» Rəbb belə bəyan edir. «Budur, sənə qarşıyam, Ey həlak edən dağ» Rəbb belə bəyan edir. «Ey bütün dünyanı həlak edən! Sənə əlimi qaldırıb Qayanın başından yuvarlayacağam, Səni yanmış bir dağa çevirəcəyəm. Səndən künc və təməl daşı götürməyəcəklər, Sən əbədi bir viranə olacaqsan» Rəbb belə bəyan edir. «Yer üzündə bayraq qaldırın! Millətlər arasında şeypur çalın! Millətləri Babilə qarşı döyüşə hazırlayın! Urartu, Minni və Aşkenaz padşahlıqlarını Ona qarşı toplayın. Ona qarşı bir sərkərdə təyin edin, Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin. Millətləri – Midiya padşahlarını, Valilərini və bütün vəkillərini, Başçılıqları altındakı bütün ölkələri Babilə qarşı döyüşə hazırlayın! Ölkə titrəyib lərzəyə gəlir! Çünki Rəbbin Babilə qarşı niyyəti – Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti Yerinə yetməlidir. Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi, Öz qalalarında oturdu. Gücləri tükəndi, Ürkək qadınlara döndülər. Yaşadıqları yerlər oda verildi, Darvaza sürgüləri qırıldı. Qasid qasid dalınca, Xəbərçi xəbərçi dalınca qaçıb Bu xəbəri Babil padşahına çatdırır: “Şəhər hər tərəfdən alındı, Çay keçidləri tutuldu, Qamışlıqlar yandırıldı, Döyüşçülər çaşqınlığa düşdü”». İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vaxtı gələndə xırman yeri necə tapdalanırsa, Babil xalqı da elə olacaq. Qısa müddətdən sonra Onun da biçin zamanı gələcək». «Babil padşahı Navuxodonosor Bizi əzib yedi, Boş bir qaba çevirdi. Canavar kimi uddu, Gözəl yeməklərimizlə qarnını doydurdu. Sonra bizi qusdu. Bizə və əhalimizə qarşı edilən zorakılıq Babilin başına gəlsin» Deyir Sion sakini. «Tökülən qanımızın haqq-hesabı Qoy Xaldeylilərdən soruşulsun» Deyir Yerusəlim. Buna görə Rəbb belə deyir: «Məhkəmədə işinizə Mən baxacağam, Qisasınızı Mən alacağam. Onun çayını qurudacaq, Bulağının suyunu kəsəcəyəm. Babil daş qalaqlarına, Çaqqal yuvasına dönəcək. Dəhşət hədəfi olacaq, İstehza ilə ona fit çalacaqlar. Orada heç kəs yaşamayacaq. Xalqı cavan aslanlar kimi kükrəyəcək, Şir balaları kimi nərildəyəcək. Ancaq qızışdıqları vaxt Ziyafət düzəldib onları sərxoş edəcəyəm. Qoy keflənsinlər, Əbədi yuxuya dalsınlar, Heç vaxt oyanmasınlar» Rəbb belə bəyan edir. «Onları quzu, qoç və təkə kimi Kəsməyə aparacağam. Şeşak necə alındı! Bütün dünyanın qürurlandığı yer Necə dəhşətli hala düşdü. Babil millətlər arasında Necə dəhşətli hala düşdü! Babili çay basacaq, Onu gurlayan dalğalar örtəcək. Qəsəbələri viran olacaq, Torpaqları heç kəsin yaşamadığı, Bəşər oğlunun keçmədiyi Quraq bir çölə dönəcək. Babildə Bel bütünü cəzalandıracağam, Udduğunu ona qusduracağam. Artıq millətlər oraya axın-axın gəlməyəcək, Babil divarı da yıxılacaq. Oradan çıx, ey xalqım! Hamınız canınızı qurtarın! Rəbbin qızğın qəzəbindən qaçın! Ölkədə eşitdiyiniz şayiələrə görə Cəsarətinizi itirib qorxmayın. Bir il bir şayiə gəlir, O biri il başqası. Ölkədə zorakılıq, Başçının başçıya qarşı çıxması barədə Şayiələr yayılır. Buna görə də yəqin ki Babilin bütlərini cəzalandıracağım günlər gəlir. Bütün ölkə utandırılacaq, Öldürülənləri onun ortasında yerə səriləcək. O zaman yer, göy və onlardakı hər şey Babilin başına gələnlərə sevinəcək. Çünki şimaldan gələn məhv edənlər Ona hücum edəcək» Rəbb belə bəyan edir. «İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır, Necə ki yer üzündə öldürülən hər kəs Babilə görə məhv oldu. Ey qılıncdan qurtulanlar, Qaçın, ləngiməyin! Rəbbi uzaqdan yada salın, Yerusəlim barədə düşünün!» Biz utandıq, Çünki təhqir eşitdik, Üzümüzü rüsvayçılıq örtdü. Çünki yadellilər Rəbbin məbədinin Müqəddəs yerlərinə girdi. «Buna görə də bütlərini Cəzalandıracağım günlər gəlir, Bütün ölkədə yaralılar inildəyəcək» Rəbb belə bəyan edir. «Babil göylərə çıxsa da, Ucalardakı qalasını möhkəmləndirsə də, Məhv edənləri üstünə göndərəcəyəm» Rəbb belə bəyan edir. «Babildən fəryad, Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir. Çünki Rəbb Babili məhv edir, Onun hay-küyünü susdurur. Düşmən dalğaları axar sular kimi kükrəyir, Səslərinin gurultusu ucalır. Çünki Babilə qarşı bir məhv edən çıxacaq, Döyüşçüləri əsir tutulacaq, Kamanları qırılacaq. Çünki Rəbb əvəz verən bir Allahdır, Mütləq cəzalandıracaq. Babil başçılarını, müdriklərini, Valilərini, vəkillərini, döyüşçülərini Elə sərxoş edəcəyəm ki, Əbədi yuxuya dalacaq, Heç vaxt oyanmayacaqlar» Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir. Ordular Rəbbi deyir: «Babilin qalın divarları yerlə yeksan ediləcək, Uca darvazaları oda veriləcək. Xalqlar boş-boşuna zəhmət çəkir, Ümmətlərin çəkdiyi əziyyət Oda təslim ediləcək». Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı. Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı. Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma. De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”. Bu tumarı oxuyub qurtaranda sən ona bir daş bağlayıb Fərat çayının ortasına at və söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”». Yeremyanın sözləri buraya qədərdir.
Выбор основного перевода