Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar. İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu. İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu. Remalya oğlu Peqahın padşahlığının on yeddinci ilində Yotam oğlu Axaz Yəhuda üzərində padşah oldu. Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Allahı Rəbbin gözündə doğru olan işlər etmədi. Axaz İsrail padşahlarının yolu ilə getdi və Rəbbin İsrail övladlarının önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğlunu oda qurban verdi. O, səcdəgahlarda, təpələr üstündə və hər kölgəli ağac altında qurban gətirir və buxur yandırırdı. Onda Aram padşahı Resin və İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimin üzərinə hücum etdilər və Axazı mühasirəyə aldılar, ancaq onu məğlub edə bilmədilər. O vaxt Aram padşahı Resin Elatı Arama qaytardı və Yəhudalıları Elatdan qovub çıxartdı. Aramlılar Elata girdilər və bu günə qədər orada yaşayırlar. Axaz Aşşur padşahı Tiqlat-Pileserin yanına qasidlər göndərib dedi: «Mən sənin qulun və nökərinəm. Gəl, məni üstümə hücum edən Aram və İsrail padşahlarının əlindən qurtar». Axaz Rəbbin məbədində və sarayın xəzinələrində tapılan qızıl-gümüşü götürüb Aşşur padşahına hədiyyə göndərdi. Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü. Padşah Axaz Aşşur padşahı Tiqlat-Pileseri qarşılamaq üçün Dəməşqə getdi. O, Dəməşqdə olan qurbangahı gördü, qurbangahın bütün quruluşunu və təsvirini kahin Uriyaya göndərdi. Kahin Uriya padşah Axazın Dəməşqdən göndərdiyi bütün şeylərə görə bir qurbangah düzəltdi. O, padşah Dəməşqdən qayıdana qədər bunu etdi. Padşah Dəməşqdən qayıdıb qurbangahı gördü. O yaxınlaşıb qurbangahın üstünə qalxdı. Qurbangahın üstündə öz yandırma qurbanını və taxıl təqdimini yandırdı, tökmə təqdimini tökdü və ünsiyyət qurbanlarının qanını oraya səpdi. Rəbbin önündə olan tunc qurbangahı məbədin qabaq tərəfindən, öz qurbangahı ilə Rəbbin məbədi arasından gətirdi və onu öz qurbangahının şimal tərəfinə qoydu. Padşah Axaz kahin Uriyaya əmr edib dedi: «Hər gün səhərin yandırma qurbanını, axşamın taxıl təqdimini, padşahın yandırma qurbanını və taxıl təqdimini, bütün ölkə xalqının yandırma qurbanını, taxıl təqdimini və tökmə təqdimini böyük qurbangahın üstündə yandır. Yandırma qurbanlarının və başqa qurbanların bütün qanını onun üstünə səp. Ancaq tunc qurbangah soraq etmək üçün mənim olacaq». Kahin Uriya da padşah Axazın əmr etdiyi hər şeyi yerinə yetirdi. Padşah Axaz dayaqların yan lövhələrini kəsib dayaqların üstündən ləyənləri götürdü. Hovuzu altında olan tunc buğaların üstündən qaldırıb bir daş səkinin üstünə qoydu. Şənbə günü üçün məbəddə düzəldilmiş bağlı yeri və padşahın bayırdakı giriş yerini Aşşur padşahından ötrü Rəbbin məbədindən götürdü. Axazın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Axaz ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Xizqiya padşah oldu. Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri: Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər. Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi. Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx». Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”». Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq. Çünki Aramın paytaxtı Dəməşqdir, Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra Darmadağın edilib xalq kimi qalmayacaq. Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, Heç dayana bilməzsiniz». Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm».
Выбор основного перевода